"Şərurlu İsfəndiyar" vətəndaşa 14 ildir zülm edir

"Şərurlu İsfəndiyar" vətəndaşa 14 ildir zülm edir


İdrak Zülfüqarlı: ""Olimpus-Az" MMC-yə 79 kvadratmetrlik 2 otaqlı mənzilin qarşılığında 47005 manat pul ödəmişəm, ancaq hələ də həmin mənzil mənə təhvil verilməyib"

"İsfəndiyar Axundovun məni qəbula buraxmamaqla yanaşı, təhqircəsinə dedi ki, get hara şikayət edirsən et"

Ötən gün "Hürriyyət"in redaksiyasına müraciət edən Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi (Şamaxinka), bina 50, mənzil 3-də yaşayan İdrak Hacıbaba oğlu Zülfüqarlı 4 fevral 2008-ci il tarixdə "Olimpus-Az" MMC-dən aldığı 79 kvadratmetrlik 2 otaqlı mənzilin dəyərini tam ödəsə də, indiyədək sözügedən mənzilin ona verilmədiyini bildirib.

Bu səbəbdən də Yasamal Rayon Məhkəməsinə müraciət etdiyini deyən şikayətçinin sözlərinə görə, məhkəmə onun xeyrinə qətnamə çıxarıb və işi icraya göndərib, lakin icra şöbəsi hələ də üzərin düşən vəzifəni yerinə yetirmir: "Mən 4 fevral 2008-ci il tarixdə "Olimpus-Az" MMC ilə mənzil tikintisi haqqında müqavilə bağlamışam. Əlimdə bunu təsdiq edən bütün zəruri sənədlər, o cümlədən kassa mədaxil ordenin qəbzi mövcuddur. Həmin qəbzdə qeyd olunur ki, "Olimpus-Az" MMC-yə 79 kvadratmetrlik 2 otaqlı mənzilin qarşılığında 47005 manat pul ödəmişəm. Lakin üzərindən 14 il keçməsinə baxmayaraq, hələ də həmin mənzil mənə təhvil verilməyib. Bununla bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etmişəm və mənim xeyrimə qətnamə çıxarılıb. Belə ki, Yasamal Rayon Məhkəməsinin hakim Elçin Firudin oğlu Qurbanovun sədrliyi ilə 19 sentyabr 2011-ci il tarixdə çıxardığı qətnamədə deyilir ki, iddiaçı qismində mənim - İdrak Hacıbaba oğlu Zülfüqarlının cavabdeh "Olimpus-Az" MMC ilə bağladığım 4 fevral 2008-ci il tarixli mənzil tikintisi haqqında müqavilə ləğv edilsin. Həmçinin, Cavabdeh "Olimpus-Az" MMC-dən sözügedən müqavilə üzrə ödənilmiş 47005 manat məbləğində pul alınaraq mənə verilsin. Lakin bu günədək məhkəmənin qərarı icra olunmayıb".

"Şərurlu İsfəndiyar" vətəndaşa 14 ildir zülm edir


14 ildir ki, üzləşdiyi problemin həlli məqsədiylə aidiyyatı orqanlara müraciət etdiyini vurğulayan İdrak Zülfüqarlı hələ də məsələnin öz həllini tapmadığını qeyd edib. Şikayətçi əlavə edib ki, bununla bağlı 21 dekabr 2021-ci il tarixdə Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılov tərəfindən icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərar qəbul edilib. Qərarda deyilir ki, Yasamal Rayon Məhkəməsinin 19 sentyabr 2011-ci il tarixli qətnaməsi icra edilmədən məhkəməyə qaytarılsın. Gördüyünüz kimi, bununla da icra məmuru məhkəmənin qətnaməsini icra etməyib. İsmayıl İsmayılov bunu onunla əsaslandırıb ki, aparılmış icra tədbirləri nəticəsində borclu "Olimpus-Az" MMC-yə məxsus hər hansı əmlak və gəlirlər müəyyən edilməyib: "Habelə "Olimpus-Az" MMC-nin faktiki olaraq fəaliyyət göstərmədiyi və rəhbəri Qurbanov Rauf Novruz oğlunun 05.01.2012-ci il tarixdə Penitensiar Xidmətin müalicə müəssisəsində öldüyü nəzərə alınaraq icra sənədləri Yasamal Rayon Məhkəməsinə qaytarılıb".

"Şərurlu İsfəndiyar" vətəndaşa 14 ildir zülm edir


Məlumat üçün bildirək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə "Olimpus-Az" MMC-nin rəhbəri Rauf Qurbanova 2010-cu ildə 11 il həbs cəzası verilib. İki il sonra isə o, həbsxanada dünyasını dəyişib. Deyilənlərə görə, sonradan tikinti maqnatı, "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsus "Şərur" MTK həmin binanın tikintisini davam etdirib. Həmçinin, o da qeyd olunur ki, İsfəndiyar Axundovun oğlu, "Qlobal Azəri" MMC-nin sahibi Mehdi Axundov "Olimpus-Az" MMC-nin ortağı olub. Görünür, elə bu səbəbdən də bir müddət sonra "Şərurlu İsfəndiyar" "Olimpus-Az" MMC-ni "Şərur" MTK-ya birləşdirib. Lakin buna baxmayaraq, İdrak Zülfüqarlı kimi yüzlərlə vətəndaş hələ də halalca mülklərinə sahiblənə bilmirlər.

Sonda İdrak Zülfüqarlı onu da əlavə edib ki, üzləşdiyi problemin həlli məqsədiylə iş adamı İsfəndiyar Axundovun qəbuluna düşmək istəsə də, buna nail ola bilməyib: "O, məni qəbula buraxmamaqla yanaşı, təhqircəsinə dedi ki, get hara şikayət edirsən et. Odur ki, "Hürriyyət" vasitəsiylə Prezident İlham Əliyev başda olmaqla, aidiyyatı qurumlara müraciət edir, onlardan məsələnin həllində köməklik gəstərmələrini, günahkarların cəzalandırılmasını xahiş edirəm".

P.S. Məsələ ilə bağlı yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
442 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...