Hal şahidi məhkəməyə qolu qandallı gətirildi

Hal şahidi məhkəməyə qolu qandallı gətirildi


Bakı Apelyasiya Məhkəməsində narkotik maddələrinin qanunsuz saxlanılmasında təqsirləndirilərək həbs olunan 1983-cü ilə təvəllüdlü Kazımov İsmayıl Kamal oğlunun növbəti məhkəmə prosesi keçirilib. Bu barədə Trend-ə təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov məlumat verib. Vəkil bildirib ki, prosesdə müdafiə etdiyi şəxsə qarşı ibtidai istintaqda ifadə verən hal şahidi maraqlı faktlar açıqlayıb: “Məhkəməyə gətirilən hal şahidi Əli Kərimov adlı şəxs biabırçı faktlar açıqladı. Mənim suallarıma cavab olaraq Əli Kərimov bildirdi ki, bu vaxta qədər bir çox şəxsin üzünə durub şərləyib. Yəni yalan ifadə verib".

Vəkil bildirib ki, hal şahidi kimi məhkəməyə gətirilən Ə.Kərimov hazırda özü də narkotik maddələrin qanunsuz saxlanması maddəsilə həbsdədir. Şahid prosesə qolları qandallı gətirilib. Şahid bildirib ki, o, təqsirləndirilən və əleyhinə ifadə verdiyi İsmayıl Kazımovu tanımır və yalan ifadə verməyə məcbur olub. Eyni zamanda aparılan istintaq hərəkəti protokollarını oxumadan imza etdiyini etiraf edib.

A.Məmmədov deyib ki, ibtidai istintaq zaman hüquqlarını müdafiə etdiyi şəxsin müdafiə hüququnun pozulması və təqsirləndirilən şəxsin üzərinə baxış protokolunun sonuncu tərəfindən imza etməməsinə baxmayaraq, bu barədə protokolu tərtib edən şəxs tərəfindən imza etməmənin səbəbini göstərməklə qeyd verilməyib: “Bu cinayət prosessual qanunverciliyin kobud şəkildə pozulmasıdır. Belə olan halda və cinayət prosesual qanunvericiliyin tələblərinə görə, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda, təqsirləndirilən şəxsin üzərinə baxış protokolu sübut növü kimi qəbul oluna bilməz”.


İş üzrə növbəti məhkəmə prosesi yanvarın 29-da davam edəcək. Xatırladaq ki, təqsirləndirilən şəxs 2014-cü ilin fevral ayının 8-də “Nizami” metrosunun çıxışında həbs olunaraq barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham elan olunub. Polis yaxalanan şəxsin əlindəki qara sellofan paketdə 450 qram marixuananın aşkarlandığını bildirərək onun haqqında cinayət işi açıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə İ.Kazımov iki il dörd ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlasa da, Ali Məhkəmə qərarı ləğv edərək işi yenidən araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 065 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...