Cahangir Hacıyevin məhkəməsi təxirə salındı
Nərimanov rayon Məhkəməsində bu gün Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyeyin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılması ilə bağlı verilən iddiaya baxılıb.
Bu barədə Trend-ə C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib. Hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı iştirak etməyib. Hakim dövlət ittihamçısının prosesdə iştirakını zəruri hesab etdiyi üçün proses yanvarın 19-a təyin edilib.
Qeyd edək ki, C.Hacıyev ötən il dekabrın 30-da istintaq hərəkətləri ilə bağlı 1 saylı Bakı İstintaq Təcridxanasından 10 gün müddətinə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilsə də, hələ təcridxanaya qaytarılmayıb.
Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178 (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə), 179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
982 dəfə oxundu