Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisinin həbs müddəti uzadılıb
Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədovun həbs müddəti uzadılıb.
Bu barədə APA-ya məlumat verən R. Məmmədovun vəkili Akif Əlizadə bildirib ki, Səbayel rayon Məhkəməsi həbs müddətinin iyunun 12-dək uzadılması barədə qərar qəbul edib. A. Əlizadə baş prokuror Zakir Qaralovun cinayət işi üzrə istintaqın müddətinin də uzadılması barədə qərar qəbul etdiyini deyib.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib. Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq aparılır.
Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.
Martın 4-də A. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon Məhkəməsinə etdiyi müraciətə baxılıb. Müraciətdə o, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. Səbail rayon Məhkəməsi onun xahişini nəzərə alıb və barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb. İ. İsfəndiyarovun da həbs müddəti uzadılıb.
840 dəfə oxundu