Dələduz bankirin atası saxtakarlıqdan əl çəkmir
Vətəndaşların milyonlarla manat pulunu mənimsəyən Texnikabank ASC-nin Bakı filialının sabiq rəhbəri Zal Yusifovun atası Zakir Yusifov məhkəmə qərarından kassasiya şikayəti verib. Teleqraf.com xəbər verir ki, Zakir Yusifovun kasasiya şikayəti Ali Məhkəməyə təqdim edilib. Kasasiya şikayəti hakim İlqar Hüseynovun icraatına verilib. Yaxın günlərdə məhkəmənin ilkin baxış iclası olacaq.
Qeyd edək ki, Zal Yusifov Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Dələduz bankirin mülk və obyektlərinin müsadirə edilməsi, həmin əmlakların hərrac yolu ilə satılaraq zərərçəkmişlərə ödənilməsi barədə də qərar qəbul edilib.
Zal Yusifovun cinayətkar əməli 2008-ci ildə ifşa edilib. 81 vətəndaşın ümumilikdə 38 milyon manatdan çox pulunu ələ keçirən ata Yusifov oğlu İslam Yusifovu da cinayət əməllərinə cəlb edib. Bu səbəbdən Ağır Cinayətlər Məhkəməsinin 2010-cu il tarixli hökmü ilə İslam Yusifov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə müəyyən edib ki, İslam Yusifov bankir atasının dələduzluq işlərinə köməklik göstərməklə yanaşı, özü də dələduzluq edib. O, bir neçə vətəndaşı aldadaraq onların pulunu mənimsəyib. Amma bu ilin fevralında İslam Yusifov Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.
Onu da qeyd edək ki, bundan əvvəl Bakı Apelyasiya Məhkəməsində Zakir Yusifovun mülklərin ona məxsus olması ilə bağlı iddiasına 4 ayrı-ayrı məhkəmə kollegiyalarında baxılıb. Hər dəfə də dələduz bankirin ahıl atası haqsız çıxarılıb. Məhkəmə haqlı olaraq zərərçəkmişlərin xeyrinə qərar qəbul edib.
Dələduz bankirin atası Zakir Yusifov iddia edir ki, oğlunun cinayət yolu ilə əldə etdiyi mülklər ona məxsusdur. Bu səbəbdən də Ali Məhkəmə bundan əvvəl üç dəfə Zakir Yusifovun iddiasınım təmin edib və işin yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul edib. Amma apelyasiya instansiyasında işi araşdıran hakimlər Zakir Yusifovun iddiasını əsassız hesab ediblər. Çünki o, məhkəməyə mülklərin ona məxsus hər hansı bir sübut təqdim edə bilməyib.
Cinayət işi üzrə tanınmış bir qrup zərərçəkmişin vəkili Aqil Layıcov bildirib ki, Ali Məhkəmənin bu dəfə işin yenidən apelyasiya instansiyasına qaytarması mümkün deyil:
“Çünki apelyasiya instansiyasında mülklərin Zal Yusifovun gəliri hesabına tikilməsi sübuta yetirilib və öz təsdiqini tapıb. Bu səbəbdən də məhkəmə zərərçəkmişlərin mövqeyini əsas götürmür”.
970 dəfə oxundu