Rüfət Səfərov barəsində cinayət işinin istintaq müddəti uzadılır
Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovla bağlı başlanmış cinayət işinin istintaq müddəti uzadılır.
APA-nın məlumatına görə, bu barədə R. Səfərov özü məlumat yayıb. Məlumatda qeyd olunur ki, Baş Prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Rəşad Bəşirov R. Səfərovu bu gün Binəqədi Rayon Məhkəməsinə dəvət edib: “İstintaqdan dörd ay keçdiyi üçün yenidən ibtidai istintaqın müddətini uzadırlar”.
Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəzlənməsi istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Məhkəmənin qərarına əsasən, R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.
883 dəfə oxundu