19 il əvvəl qətl törədən şəxsin cinayət işinin icraatı dayandırılıb
1997-ci ildə tanışı Zülfüqar Ağalarovu güllələməkdə ittiham olunan, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkəmə zalından azadlığa buraxılan 1963-cü il təvəllüdlü Səmədov Varis Məcid oğlunun barəsində olan hökmdən dövlət ittihmaçısı tərəfindən verilən apellyasiya protesti zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işinin dayandırılması barədə qərar qəbul olunub.
Qətl hadisəsi 23 avqust, 1997-ci ildə baş verib. Həmin gün səhər saatlarında odlu silahla qətlə yetirilən Zülfüqar Ağalarovun meyiti Nəsimi Rayon Hərbi Komissarlığının arxasında aşkar edilib. İstintaqla müəyyən edilib ki, Varis Səmədov tanışı Eldar Əliyevin (2004-cü ildə Rusiyada yaşadığı evin qarşısnda güllələnib-red) idarə etdiyi “VAZ-2106” markalı avtomaşınında olarkən metronun “20 yanvar” stansiyası istiqamətindən Soltan Nəcəfovun idarə etdiyi avtomaşında əyləşən digər tanışı Zülfüqar Ağalarovun gəldiyini görüb. Zülfüqar Ağalarovdan borcunu geri istəmək məqsədilə maşını saxlatdırıb və söhbət etmək üçün onu öz əyləşdiyi avtomobilə dəvət edib. Pul məsələsi ilə bağlı aralarında mübahisə yaranıb.
Mübahisə zamanı “Makarov” tipli tapançadan Zülfüqara üç dəfə dalbadal atəş açıb. Daha sonra onun meyiti avtomaşınla gətirərək Nəsimi Rayon Hərbi Komissarlığının arxasına ataraq hadisə yerindən qaçıb.
Qətl hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 95-ci (köhnə redaksiya) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb. Varis Səmədovun cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilib, barəsində axtarış elan olunub.
Lakin Varis Səmədov (Rəşitov Həmid Məcidoviç) ad-soyadını dəyişdirdiyinə görə onun yaşadığı yeri müəyyən etmək mümkün olmayıb. 2002-ci ildə Varis Səmədovun əməlləri Cinayət Məcəlləsinin 95-ci maddəsindən Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddəsinə tövsif edilib. Ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz odlu silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Varis Səmədov 2002-ci ilin oktyabr ayında istintaqa gəlib və 1 saylı istintaq təcridxanasına yerləşdirilib. 2003-cü ilin fevral ayında Nəsimi Rayon Məhkəməsi tərəfindən Varis Səmədovun barəsindəki həbs-qətimkan tədbiri ləğv olunub, qohumlarının nəzarəti altına verilməsi haqqında qərar qəbul edilib. V.Səmədov istintaqdan gizləndiyi üçün ekspertiza keçirilməsi mümkün olmadığından onun barəsində axtarış elan edilib. 2015-ci ilin avqust ayında V.Səmədov istintaqa könüllü gəldiyindən cinayət işi üzrə icraat təzələnib.
V.Səmədov ona elan olunmuş itthamla özünü təqsirli bilməyib. Sözügedən cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baxılıb. Ötən ilin may ayının 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səmədov məhkəmə zalından azadlığa buraxılıb. Buna səbəb isə cinayətin üstündən 19 il keçməsi göstərilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya prostesti və zərərçəkmiş apellyasiya şikayəti verib.
860 dəfə oxundu