Bakı kəndlərində ilan sancmaları artıb
Yay ayları olduğundan ölkəmizdə ilan sancmalarının sayı durmadan artır. Artıq dünyasını dəyişənlər də var.
Belə ki, xəbər veridiyimiz kimi ötən ayın 28-də Qax rayonunda axşam saatlarında ot sahəsində işləyən 1958-ci il təvəllüdlü Gülmira Qasım qızı Xinqalovanı ilan sancmışdı. Ağır vəziyyətdə Respublika Toksikologiya Mərkəzinə göndərilən qadının həyatını qurtarmaq mümkün olmayıb. O, iki gündən sonra xəstəxanada keçinib. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov musavat.com-a açıqlamasında bildirib ki, ilan sacmaları daha çox Bakıətrafı kəndlərin payına düşür: “Bizə olunan müraciətlər əsasında deyə bilərəm ki, ən çox ilan sancmaları Bakıətrafı kəndlərdə, xüsusən də karxanaların çoxluq təşkil etdiyi zonalarda, aran rayonlarında, Hacıqabulda, hətta Qəbələdə və Şamaxıda yayılmağa başlayıb. Xüsusən də ən təhlükəli ilan növü olan güzələr insanlara hücum edir. Onun zəhəri insanı bir neçə saata öldürə bilir”.
Baş toksikoloq onu da bildirib ki, ötən illə müqayisədə bu il hava şəraiti sərin keçdiyindən ilan sancmaları ilə bağlı müraciətlər gec başlayıb: “Keçən ilə nəzərə salsaq, görərik ki, artıq aprel ayından müraciətlər başlamışdı. Lakin bu il müarciətlər may ayından qeydə alınıb. Belə ki, ötən ay mərkəzimizə ilan sancmasından 14 müraciət olunub, onların 12-si xəstəxanaya yerləşdirilib. İyun ayına olan qeydə görə isə 3 nəfər ilan sancmasından müraciət edib. Hazırda onların müalicəsi davam etdirilir”.
Azər Maqsudov ilan sacması zamanı görüləcək ilk tibbi yardımdan danışaraq öz tövsiyələrini bildirib: “İstirahətlə bağlı zonalara gəzintiyə çıxanda ehtiyatlı olmaq lazımdır. Xüsusən də çayqırağı zonalarda və meşələrdə ətrafı diqqətlə nəzərdən keçirin. Təhlükəli kürzə ilanı əsasən insanın ətraf orqanlarını dişləyir. Əgər hər hansı bir hadisə baş verərsə, ilan dişləyən yeri sıxıb zəhəri çıxartmağa çalışmaq, daha sonra xəstəni hərəkətisz vəziyyətdə saxlayaraq təcili yaxınlıqdakı tibbi məntəqəsinə çatdırmaq lazımdır. Məntəqədə ilan sancan adama mütləq zərdab vurulmalıdır. Deyim ki, ilan sancan insana ilk tibbi yardım göstərilməsi həkim müalicəsindən belə əhəmiyyətli ola bilər”.
Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri ilan zəhərinə qarşı istifadə edilən zərdabların təkcə toksikoloji mərkəzdə olmasının kifayət etmədiyini deyib: “İlan sancan insan bu mərkəzdən kilometrlərcə uzaqda ola bilər. Onu mərkəzə çatdıranadək iş-işdən keçmiş ola bilər. Hər yerdə kiçik məntəqələr yaradılmalıdır ki, ilan sancmalarına qarşı vaxtında ilk tibbi yarıdm göstərilə bilsin. Bütün rayon tibb məntəqələrinə zərdablar verilib. Kənd ərazilərində yerləşən məntəqələrində çalışan tibb işçiləri rayon səhiyyə mərkəzlərinə müraciət edərək zərdabların onlara da paylanılmasını istəməlidirlər”.
Tibb elmləri doktoru Adil Qeybulla da bu məsələdə ilk tibbi yardımın xüsusi əhəmiyyətə malik olduğunu deyib: “Təəssüflər olsun ki, vaxtında ilk yardım tədbirlərinin görülməməsi son nəticədə ölüm hallarına gətirib çıxardır. İlan sancan zaman həmin ilanın növünü aydınlaşdırmaq lazımdır, buna uyğun hərəkət edilərsə, problem daha tez aradan qalxmış olar”.
Həkim ilan sancmalarında daha çox insanların özlərinin səbəbkar olduğunu deyib: “İnsanlar çox zaman ilanla rəftarı bacarmırlar. Buna görə də maarifləndirmə tədbirləri həyata keçirlməlidir ki, insanlar ilanla qarşılaşanda özlərini necə aparacaqları barədə məlumatlı ola bilsinlər. Zəhərli ilanları harada görülsə, məhv etmək doğru deyil. Onsuz da ölkəmizdə zəhərli ilanların sayı azdır. Hər kəsə məlumdur ki, ilan zəhələrindən yüksək keyfiyyətli, kifayət qədər bahalı dərmanlar hazırlanır. Bu səbəbdən dünyanın müxtəlif ölkələrində ilanların çox olduğu ərazilərdə çox aktiv sistem qurulub. Bu sistem vasitəsilə zəhərlərdən əlverişli istifadə edilir.”
Xatırladaq ki, ötən il baş verən 121 ilan sancması zamanı biri azyaşlı olmaqla, iki nəfər dünyasını dəyişmişdi. Məlumata görə, insan ölümlərinə səbəb zərdabın vaxtına vurulmaması olub.
2 354 dəfə oxundu