İnterpol hələ Zamirə Hacıyevanı axtarmır

İnterpol hələ Zamirə Hacıyevanı axtarmır


Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın barəsində iyunun 1-də məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi və beynəlxalq axtarışa verilməsi haqda qərar çıxarılsa da beynəlxalq polis təşkilatı İnterpol hələ keçmiş bankirin cinayət ortağını axtarımır. Virtualaz.org xəbər verir ki, İnterpol-un beynəlxalq axtarışa verilmiş şəxslər siyahısında hələlik Zamirə Şirəli qızı Hacıyevanın adı və dosyesi yoxdur.

Xəbər verildiyi kimi Zamirə Hacıyevanın barəsində Beynəlxalq Bankın işi üzrə aparılan istintaq çərçivəsində mayın 27-də təqsirləndirilən şəxs statusunda istintaqa cəlb olunmaq qərarı verilib. O, Beynəlxalq Bankdan üst-üstə 18 milyon manatdan çox (dollar və avronun o vaxtkı məzənnələri ilə) vəsaiti 10 ədəd kredit kartı vasitəsilə ayrı-ayrı vaxtlarda çıxararaq xarici ölkələrdə istirahətə, təyyarə biletlərinə, restoran və gözəllik salonları xərclərinə, digər şəxsi məqsədlərə xərcləməkdə ittiham olunur.

Məhkəmə iclasında müstəntiq R.Əliyev Zamirə Hacıyevanın barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsadəti müdafiə edərək bildirib ki, təqsirləndirilən şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyi və xarakteri ağır cinayətlər kateqoriyasına daxil olduğundan onun barəsində beynəlxalq axtarış təşkil edilməli, yaxalandıqdan sonra istintaqa təhvil verilməlidir. Baş prokurorluğun Daxili İşlər orqanlarında istintaqa nəzarət idarəsinin prokuroru R.Xankişiyev də Z.Hacıyevanın beynəlxalq axtarışa verilməsi üçün barəsində həbs qətimkan tədbirinin seçilməsinin zəruri olduğunu bildirib.

Ancaq İnterpol hələlik Zamirə Hacıyevanı axtarmır və ola bilsin ki, bu, müvafiq prosedurların hələ başa çatmaması ilə bağlıdır. Lakin Z.Hacıyevanın İnterpol-a verilməsi onun Avropa ölkələrində hərəkətini çətinləşdirə bilər, ancaq Britaniya vətəndaşlığı (ola bilsin həm də başqa ölkənin vətəndaşlığını) daşıyan Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası real görünmür.

Bununla belə Z.Hacıyevanın barəsində qaldırılmış formal cinayət işi C.Hacıyevin istintaqla anlaşma bilmədiyini və pulları geri qaytarmadığını göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
873 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...