ATƏT PA-nın komitə iclasında həlli uzanan münaqişələr müzakirə olunub
Bu gün ATƏT Parlament Assambleyasının Gürcüstan paytaxtında davam edən sessiyası çərçivəsində qurumun Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında İsveç nümayəndə heyətindən Marqareta Sederfelt məruzə ilə çıxış edib.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, M. Sederfelt çıxışında transmilli terrorizm, Ukrayna böhranı, həlli uzanan münaqişələr, silahlı münaqişələr şəraitində qadınların vəziyyəti, demokratiya və təhlükəsizliyin qarşılıqlı əlaqələri məsələlərinə toxunub.
Sonra məruzə ətrafında müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev bütün dünyanın terrordan əziyyət çəkdiyini, mövcud vəziyyətin terrora qarşı birgə mübarizə tələb etdiyini bildirib. O, çıxışında üç məsələ - transmilli terrorizm, həlli uzanan münaqişələr, münaqişələr zamanı hüquqları pozulan qadınların vəziyyətinin xüsusi narahatlıq doğurduğunu söyləyib: “Transmilli terrorizmi qeyd etmək istəyirəm. İstanbuldakı baş verən terrordan dərin kədər hissi keçiririk. Həlak olanlara, ümumiyyətlə, bütün Türkiyə xalqına başsağlığımı çatdırıram. İkincisi, həlli uzanan münaqişələrə münasibətdə ATƏT fəal olmalıdır. Moldovada və Cənubi Qafqazdakı münaqişələr beynəlxalq hüquq prinsipləri əsasında həll edilməlidir. Mən Almaniyanın sədrliyi dövründə mövcud münaqişələrin həllinin prioritet olaraq götürülməsini yüksək qiymətləndirirəm. ATƏT sədri Ştaynmayer Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun qəbuledilməz olduğunu bildirir. Digər qeyd etmək istədiyim məsələ hərbi münaqişələr zamanı qadınların hüquqları ilə bağlıdır. ATƏT bu məsələdə diqqətli olmalı, münaqişə nəticəsində əziyyət çəkən qadınların hüquqlarının bərpa edilməsi istiqamətində çalışmalıdır”.
A. Quliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllini vacibliyini vurğulayıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova isə məruzədə münaqişənin tənzimlənməsi kontekstində işğalın dayandırılması tələbinin əks olunmadığını təəssüflə bildirib.
Azərbaycan nümayəndə heyətinin digər üzvü Elşad Həsənov da Dağlıq Qarabağ münaqişəsinin regionun təhlükəsizliyi üçün ciddi təhlükə olduğunu nəzərə çatdırıb. O, hazırkı status-kvonun saxlanılmasının mümkün olmadığını söyləyib.
890 dəfə oxundu