Baş nazirin müavininin sabiq köməkçisi vaxtından əvvəl azadlığa buraxılıb
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işində adı hallanan baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseynin vaxtından əvvəl azadlığa buraxılması barədə vəsatətinə baxılıb.
APA-nın məlumatına görə, Nizami rayon Məhkəməsi vəsatəti təmin edərək, onu cəzasının çəkilməmiş hissəsindən azad edib. Həmin qərarla razılaşmayan dövlət ittihamçısı isə apellyasiya şikayəti verib. Şikayətə iyulun 12-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin həmin universitetin fəaliyyətində aşkarlanmış nöqsanlara görə 2010-2011-ci tədris ili üçün tələbə qəbulu planını qanuni yolla əldə edə bilməyəcəyini güman etməsi səbəbindən universitetin fəaliyyətinin davam etdirilməsinə qanunsuz yollarla nail olmaq niyyətində olduğunu və rüşvət vermədə vasitəçi axtardığını bilən baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseyn E.Abdullayevin rüşvət kimi vermək istədiyi pulu ələ keçirmək məqsədilə qulluq mövqeyindən istifadə edib. O, E.Abdullayevi inandıraraq, etibarından sui-istifadə etməklə və aldatmaqla ondan 2009-cu ilin avqust-oktyabr aylarında 1 000 000 ABŞ dolları məbləğində nağd pulu hissə-hissə alıb ələ keçirərək dələduzluq edib.
V. Hüseyn daha sonra pulu qaytarsa da, istintaqla müəyyən edilib ki, E.Abdullayev 1 000 000 dolları V. Hüseynə məhz rüşvət kimi müvafiq vəzifəli şəxsə çatdırılması məqsədilə verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. Hüseyn 4 il müddətinə azadlıqdan məhrum edilib.
868 dəfə oxundu