Prokuror “Dostluq" parkının ərazisini satmaqda təqsirləndirilən şəxslərə cəza istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayonunun Bibiheybət qəsəbəsində yerləşən "Dostluq" parkının ərazisindəki torpaq sahələrinin qanunsuz olaraq alqı-satqısını həyata keçirməkdə təqsirləndirilən şəxslərin cinayət işi məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək, təqsirləndirilən şəxslərin cinayətinin tam sübuta yetirildiyini deyib. Prokuror təqsirləndirilən şəxslərdən Etibar Məmmədovun 11 il, Tərlan Hüseynovun barəsində olan ev dustaqlığının həbs qətimkan tədbiri ilə əvəz olunaraq 10 il 6 ay, Famil Quliyevin isə 10 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Sonra təqsirləndirilən Famil Quliyevin vəkili çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsə bəraət istəyib. Digər vəkillər çıxış üçün məhkəmədən vaxt istəyib. Proses avqustun 22-də davam etdiriləcək.
Qeyd edək ki, "Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı prezident İlham Əliyev ötən il keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanıb. Bundan sonra cinayət işi açılıb və Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşları Tərlan Hüseynovu istintaqa cəlb ediblər. T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan qərarı çıxarılıb. Sonradan onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Daha sonra 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbail rayonu Bibiheybət Bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub.
780 dəfə oxundu