Məmurun dəhşətli qətlində sirlər açılır

Məmurun dəhşətli qətlində sirlər açılır


Füzuli İsgəndərovun qətli ilə bağlı işi aparan müstəntiq tapılan maskanı niyə sübutlar siyahısından çıxarıb?
Bakı Ağır Cinayətlər Məhkəməsində ən səs-küylü məhkəmə proseslərindən biri - ərini -Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olmuş Füzuli İsgəndərovu öldürməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Musavat.com-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində iş materiallarındakı sənədlərin tədqiqi mərhələsi başa çatıb. Vəkillərin istəyi ilə iş materiallarında yer alan bəzi sənədlər məhkəmədə elan edilib.

Məhkəmədə həmçinin təqsirləndirilən Xalidə İsgəndərovanın vəkili Çavanşir Süleymanovun istəyi ilə işlə bağlı müstəqil ekspertlər tərəfindən aparılan ekspertizanın nəticəsi də elan olunub. Moskvada ekspertlərin rəyi ilə hazırlanan ekspertiza rəyində hazırkı iş materiallarında yer alan ekspertiza rəyləri arasında ziddiyyətlərin olduğu məlum olub. Bu ziddiyyətlər və elan olunan sənədlərə tərəflərin münasibəti növbəti prosesdə dinləniləcək.

Məhkəmə prosesində elan olunan sənədlərdən ən diqqət çəkəni işi aparan müstəntiqin qətlin baş verdiyi evin yaxınlığında tapılan maskanın sübutlar siyahısından çıxarmasıdır. Elan olunan sənəddə qeyd edilir ki, qətlin baş verdiyi mənzilin yaxınlığında tapılan qadın corabından hazırlanan maska və şahid Sahib İbrahimovun ifadəsi sübutlar siyahısından çıxarılıb. Müstəntiq sübutlar siyahısından çıxarılan maskanın məhv edilməsi ilə bağlı da qərar verib.

X.İsgəndərovanın vəkilləri isə buna etiraz olaraq məhkəmə heyətinə bildiriblər ki, əgər müstəntiq həmin maskanı sübut olaraq qəbul etmirsə belə, onu məhv etmək hüququna malik deyil.

“Əgər bu sübut-maska müstəntiq üçün əhəmiyyət kəsb etmirsə, onun məhv edilməsini istəmək özbaşınalıqdır. Həmin maska bizim üçün sübut olaraq böyük əhəmiyyət kəsb edir” deyə, vəkillər qeyd edib.

Cavanşir Süleymanov məhkəmə heyətinə hazırladıqları maddi sübutların siyahısını da təqdim edib.

Qətlə yetirilən Füzuli İsgəndərovun atası Haqverdi İsgənədrov da məhkəmə prosesində söz alıb. O, məhkəmə sədrindən xahiş edib ki, hadisə baş verən gün evdə olan nəvəsi Əmanənin qətli anasının törətməsi ilə bağlı müstəntiqə verdiyi ifadə və hadisə yerində ifadənin yoxlanması zamanı aparılan videoçəkilişlər məhkəmə zalında nümayiş etdirilsin.

Hakim növbəti prosesdə bu tələbə münasibət bildiriləcəyini deyib. Prosesin sonunda təqsirləndirilən Xalidə İsgəndərova ilə qətlə yetirilən Füzuli İsgəndərovun yaxınları arasında söz davası yaşanıb.

X.İsgəndərova zalda olanların ona söz deməsindən qəzəblənib. O, həyat yoldaşının yaxınlarına üz tutaraq “qardaşınızın başını yediniz” deyərək, qışqırıb. Sözlü mübahisəyə X.İsgəndərovanın vəkilləri müdaxilə edib. Bu dəfə isə mərhumun atası ilə vəkillər arasında mübahisə yaranıb. Tərəflər zaldan çıxarıldıqdan sonra mübahisə başa çatıb.
Məhkəmə prosesi avqustun 17-də davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında baş verib. 1964-cü il təvəllüdlü Füzuli Haqverdi oğlu İsgəndərov yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb.
Qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.
Xatırladaq ki, bundan əvvəlki məhkəmə proseslərində təqsirləndirilən şəxsin qızları Bülbül və Əmanə də ifadə verib.

Hadisə baş verərkən anasının yanında olan Əmanə istintaqa verdiyi ilk ifadəsində atasının anası tərəfindən öldürüldüyünü desə də, sonradan bu ifadəsini təzyiq altında yazdığını və aldadıldığını deyib: “Mənə dedilər ki, anan günahını boynuna alıb. Əgər sən desən ki, anam öldürüb, o zaman ananı ruhi xəstə kimi azadlığa çıxara bilərik. Mən də aldanıb belə ifadə vermişdim”. Lakin Xalidə İsgəndərovanın həbs edilməsinə əsas isə məhz qızının verdiyi birinci ifadə olub.

Mərhumun böyük qızı olan Bülbülə isə məhkəmədə verdiyi ifadəsində qətlin törədilməsində anasından şübhələndiyini bildirib: “Hadisədən sonra bacım mənə dedi ki, anam atamı bıçaqlayıb. Mən bacımdan şübhələnirdim. İndi istəyirəm ki, günahkar kimdirsə, cəzalandırılsın”.

Bacılar atasının ölümü ətrafında qohumları tərəfindən oyunlar oynanıldığını və onun əmlakının ələ keçirilməyə çalışıldığını deyir.

Mərhumun böyük qızı atasının dövlət məmuru olduğundan mülklərini yaxın qohumlarının adına keçirdiyini məhkəmə zalında açıqlamışdı. Mərhumun kiçik qızı hazırda xalası və dayısının himayəsində yaşayır. Böyük qızı isə əvvəl bibisi ilə yaşasa da bir müddət əvvəl evi tərk edərək tək yaşamaq qərarına gəlib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 102 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...