Həyətə daxil olanda partlayış oldu, sonra bizə atəş açdılar - DİN-in əməliyyatçısı

Həyətə daxil olanda partlayış oldu, sonra bizə atəş açdılar -


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən Abbas Hüseynov çıxış edib.

Sonra proesdə ifadə verən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı Vüqar İsgəndərov bildirib ki, əməliyyat zamanı 15 dəqiqə atışma olub: "İçəridə bir nəfər bıçaqla üstümə qaçdı. Mən də onu zərərsizləşdirdim. Saxladığım şəxsin adı Əli idi. Onun üzərindən bıçaq, beşbarmaq və partlayıcı maddə aşkarlandı. Əməliyyata iki xüsusi zirehli maşınla getmişdik. Əvvəlcə gözlədik ki, onlar namazlarını qılsınlar. Biz həyətə daxil olanda həyətdə partlayış oldu. Həyətdən qaçanlar da, bizə hücum edənlər də var idi. Sonradan bizə atəş açdılar".

V.İsgəndərov bildirib ki, hadisə ona pis təsir edib və mənəvi zərər çəkib.

Vəkillərin suallarını cavablandıran əməliyyatçı bildirib ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti yoxdur. Təqsirləndirilən şəxslərdən Əli Nuriyevin xəsarət alması məsələsinə gəlincə V.İsgəndərov deyib ki, Ə.Nuriyev hadisə zamanı yıxılıb və həmin vaxt xəsarətlər alıb.

Proses fasilədən sonra davam etdiriləcək.

Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
810 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...