“Bədənini bıçaqla, sümüklərini isə dəmir kəsən mişarla doğradım” - Qatilin etirafı

“Bədənini bıçaqla, sümüklərini isə dəmir kəsən mişarla doğradım” -


Son günlər ölkə gündəmini zəbt edən qətl hadisəsinin detalları məlum olub. Belə ki, ötən ilin sentyabrın 26-da iş adamı Kamran Mahmudov evində, yatdığı yerdə arvadı Lalə Mahmudova və onun sevgilisi Sədi Məmmədov tərəfindən əvvəlcə güllələnərək qətlə öldürülüb, sonra isə cəsədi onlarla parçaları bölünüb basdırılıb.

“Qafqazinfo” qətli törədən S.Məmmədov və L.Mahmudovanın istintaqa ifadələrini əldə edib. Təqsirləndirilən şəxslərin dəhşətli hadisə barəsində danışdıqlarını təqdim edirik.

Sədi Məmmədov ifadəsində deyib ki, sevgili olduğu Lalə Mahmudova ilə dəfələrlə otellərdə və Lalənin əri ilə birgə yaşadığı mənzildə cinsi əlaqədə olub: "Lalə bir gün ərinin ondan şübhələndiyini dedi və birlikdə Kamranı öldürməyi planlaşdırdıq. Plana görə, Lalə qapını açmalı idi, mən Kamranı yatdığı yerdə öldürüb, doğrayıb İsmayıllı rayonuna aparıb basdırmalı idim. Sentyabrın ortalarında meyiti yığmaq üçün sellofan torbalar və xomutlar alıb Laləyə verdim, evə apardı.

Hadisədən 1-2 gün əvvəl “Makdonalds”da Lalə ilə görüşüb qətli necə edəcəyimizi bir daha razılaşdırdıq. Lalə dedi ki, Kamranın evə gəlməsi və yatması barədə mənə məlumat verəcək, sonra qapını açacaq və mən evə daxil olacağam. Planlaşdırdığımız kimi də oldu. Çantamda silah, bıçaq və dəmir kəsən mişar götürmüşdüm. Silahı çıxarıb Kamran yatan otağa girdim. Lalə mətbəxə keçib gözləməyə başladı. Kamranın başının arxasından bir güllə vurdum, sonra dəhlizə qayıtdım. Laləyə “vsyo” dedim. O da Kamranın başının qanı otağa bulaşmasın deyə sellofan torbanı mənə verdi. Təkrar Kamran yatan otağa girib onun başına 2 güllə sıxdım, sonra xırıltı səsi tam kəsildi. Torbanı Kamranın başına keçirtdim. Lalə ilə birgə meyiti sürüyərək hamam otağına apardıq. Laləyə çölə çıxmasını dedim, qapını bağladım, Kamranın paltarlarını çıxarıb bədənini bıçaq, sümüklərini dəmir kəsən mişarla doğramağa başladım. Laləni çağırıb sellofanları verməsini dedim. O parçalanmış meyiti görməmək üçün otağa baxmadan sellofanları verdi. Kamranın parçalarını 15 torbaya yığıb ağzını xomutla bağladım. Sonra onları Laləyə verdim, o da dəhlizdə divara söykəyib yığırdı. Hamamda qanı yudum, özüm də yuyundum, yorulduğum üçün biraz dincəldim. Sonra torbaları daşıyıb maşınıma yığdım. Öz evimə gedib paltarımı dəyişib, İsmayıllıya getdim.

Yolda qardaşım Əliyə zəng edib ağac əkmək üçün yer qazmasını istədim. Ora çatandan sonra qazılan yeri biraz da genişləndirdim, Kamranın cəsədinin hissələrini torbalardan çıxarıb çuxura töküb üstünü basdırdım. İzi itirmək üçün ora çınqıl töküb, üstündə ocaq qaladım. Kamranın paltarlarını da özümlə götürmüşdüm, onları da ocaqda yandırdım. Silahı yardımçı evdə gizlədib, getdim. Peşmanam".

Lalə Mahmudova istintaqa ifadəsində əri Kamran Mahmudovun qətlində iştirak etmədiyini deyib: “Kamran Nərimanov rayonunda «Fullmart» marketin direktoru idi. Maddi imkanı yaxşı olsa da, ailəmizi təmin edə bilmirdi. İşləməyimə etiraz edirdi, mənə qadın kimi diqqət ayırmırdı, gəzməyə aparmırdı, sekslə məşğul olanda yalnız özünü fikirləşirdi, bir kişi kimi məni təmin etmirdi. Təxminən 4il əvvəl anamın qızıl alqı-satqısı dükanını icarrəyə verdiyi Sədi ilə tanış oldum, evli olduğunu, 2 oğlu olduğunu bilirdim. Sonralar münasibətlərimiz istiləşdi, Kamran evdə olmayanda gecə saat 1-2 radələrində uşaqları yatırıb Sədini çağırırdım, intim əlaqədə olurduq. 2014-cü ildə Sədi ilə gizli görüşməkdən bezdim, Kamrana boşanmaq istədiyimi dedim, razılaşmadı. Sədini sevirdim, onunla evlənmək istəyirdim, amma arvadından boşanmasını istəmirdim. Sədi mənim üçün əsl kişi idi. Bir gün mənə kamranı öldürməyi təklif etdi, razılaşdım. Amma Sədinin qəzaya düşməsi bu planımızı təxirə saldı. O yeriməyə başlayandan sonra təkrar planı reallaşdırmaq qərarına gəldik. Sentyabrın 25-i axşam Sədiyə “Line”da mesaj yazıb Kamranın evə gəldiyini və bərk yatdığını dedim, sonra mesajları sildim. Qapını açdım, Sədi otağa keçdi, mən mətbəxdə gözlədim. Bir neçə dəqiqə sonra taqqıltdı və xırıltı səsi eşitdim. Bildim ki, Sədi Kamranı güllələyib, o da xırıldayır”.

L.Mahmudova ondan sonra baş verənlər haqda S.Məmmədovun dediklərina oxşar ifadə verib. Sonda ərinin öldürülməsindən peşman olmadığını deyib: “Bircə hadisənin üstünün açılmasına görə peşmanam. Mən Sədi ilə birgə olmaq istəyirdim. Kamrandan boşansaydım da, yenə uşaqları görmək adı ilə bizi narahat edəcəkdi”.

Qətlə yetirilən K.Mahmudovun qardaşı Elçin Mahmudov "Qafqazinfo"ya müsahibəsində qətl ərəfəsində baş verənlərdən danışıb: "Əvvəla onu deyim ki, məhkəmə prosesinin qapalı keçirilməsi bizim üçün müəmmalı oldu. Müəyyən detallar ictimaiyyətdən gizli saxlanıldı. Cəmiyyət bilməli idi ki, söhbət necə olub. Məhkəmədə Lalə hər şeyi boynundan atır, guya ki, əvvəldən qətl törədiləcəyindən məlumatı olmayıb. Onun ifadəsinə görə, Sədi Kamranı öldürüb, doğrayıb, daşıyıb maşına yığandan sonra Laləyə onu öldürdüyünü deyib. Sədi də məhkəmədə dedi ki, əvvəldən Kamranı öldürmək istəməyib, ani qərar verib. Sual verdilər ki, bəs silah niyə üstündə idi? Dedi mənim düşmənlərim var, ona görə maşınımda daim silah gəzdirirəm. Sədi qətldən əvvəl qəzaya düşüb deyə ağır şey qaldıra bilmir. Ondan soruşduq ki, cəsədi basdırdıqları yerin üstünə qoyulan ağır setka topalarını necə qaldırıb? Cavab verə bilmədi. Çünki özü etməyib. Ona qardaşı Əli kömək edib. Bundan başqa, qətldən Lalənin anası Tacirənin, qardaşı qızının da xəbəri olub, amma gizlədiblər. Lalə qətl gecəsi Kamranın bütün şalvarlarının ayağını kəsib, bizə də deyirdi ki, Kamran vəhabilərə qoşulmuşdu. Indi də vəkilləri onları öyrədir, hər dəfə fərqli bir şey deyirlər".

Qeyd edək ki, hazırda qətl hadisəsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində proses gedir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
869 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...