Bank müdirini qətlə yetirənin vəkilindən şok açıqlamalar

Bank müdirini qətlə yetirənin vəkilindən şok açıqlamalar

Bir neçə gündür ölkə gündəmini zəbt edən “Avropa” otelində baş verən hadisə zamanı “Zaminbank”ın Nəsimi filialının sədri Azər Məmmədovun ölümündə şübhəli bilinən Sənan Quliyevlə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub

Məlum olub ki, Sənan Quliyev oteldə tək olmayıb. Onunla bərabər idman zalında olan dostu Mövlud da həbs olunub.

Mövludun vəkili Cavid Rzazadə “Qafqazinfo”ya açıqlamasında hadisənin təfərrüatlarını bölüşüb. Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxslər ifadələrində bildiriblər ki, həmin gün oraya ilk dəfə gəliblər:

“Hərəsinə 100 manat ödəniş edib məşq eləməyə başlayıblar. Sənanla Mövlud bir-biri ilə güləşərkən Ruslan Əfəndiyev bir neçə tələbəsi ilə zala girib. Sənanın ayağında “bortsovka” ayaqabbısı olub. Ruslan deyib ki, tatami üzərinə o ayaqqabı ilə çıxmayın. Bunlar üzrxahlıq edib deyiblər ki, birinci dəfədir gəlmişik, bilmədik. Sonra gedib digər zalda dəmir alətlərlə məşq ediblər. Hamama gedəndə Mövlud idman zalından verilən ayaqqabı ayağında olarkən qayıdıb tataminin qırağından dəsmalı götürüb. Bu dəfə isə Ruslan ona: “Sən nə “ponyatkasız” adamsan, bayaq dedim axı, ayaqqabı ilə keçmə”, - deyib. Mövlud da cavabında: “Zalın öz ayaqqabısı ilə də tatamiyə çıxmağın qadağan olduğunu bilmirdim”, - deyib. Növbəti dəfə də təsadüfdən şkafın açarları zalda qaldığını görən Mövlud açarı götürmək üçün zala girəndə Ruslan Əfəndiyevlə yenidən üz-üzə gəlir. Üzrxahlıq edir ki, yenə bura gələcəyik, aramızda qanqaraçılıq olmasın. Ruslan Əfəndiyev: “Bir də belə qanacaqsızlıq eləməyin”, - dedikdə Mövlud bildirib ki: “Biz qanacaqsız deyilik, bizi qanacaqsız hesab edən özü qanacaqsızdır”.

Bu zaman Ruslan Mövludun boğazından yapışıb boğarkən, Mövlud müqavimət göstərməyə çalışıb. Orada heç bir tərəfdən söyüş söyən olmayıb. Ruslan Mövludla savaşanda onun tələbələri də köməyə gəliblər. Mərhum Azər Məmmədov da onların içərisində olub. Sənan görüb ki, 4-5 adam Mövludu döyür. Mövludu da elə Azər Məmmədov döyüb, onun burnu sınıb, gözü göyərib. Sənan qorxub ki, onlarla bacara bilməyəcək, onu da döyəcəklər. Ona görə bıçağı çıxarıb bunları qorxutmağa başlayıb. Amma onlar Mövludu buraxmayıblar, nəticədə Sənan bıçaqla bir neçə nəfərin bədənini cızıb, Azər Məmmədovu da ürəyindən vurub. Sonra Sənan Mövludu da götürərək hadisə yerindən qaçıb. Növbəti gün də gedib polisə təslim olublar. Hadisə belə olub. Azər Məmmədovun ölməsi ilə nəticələnən bu hadisənin baş verməsinə ilkin olaraq Ruslan Əfəndiyevin hərəkətləri səbəb olub. Müdafiə tərəfi təqsirləndirilən şəxslərin ifadələrinə əsasən ehtimal edir ki, xuliqanlığı Ruslan edib”.

Cavid Rzazadə deyib ki, artıq hər iki şəxs haqda həbs-qəti imkan tədbiri seçilib: “Sənan Quliyevə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 221.2.1 (bir qrup şəxs tərədindən xuliqanlıq), 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət), 221.3 (silah qismində əşyanı tətbiq etməklə xuliqanlıq etmə) maddələri üzrə cinayət işi açılıb. Mövluda isə 221.2.1; 221.2.2; 221.3 maddələri ilə cinayət işi açılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə Sənan Quliyev 4 ay, Mövlud isə 3 ay müddətinə həbs edilib.

Vəkil həmçinin Sənan Quliyevin yüksək vəzifəli məmurlardan birinin mühafizəçisi olması ilə bağlı xəbərlərə də aydınlıq gətirib: “Sənan Quliyev və Mövlud heç yerdə işləmirlər. Mühafizəçi də deyillər, hər hansı məmurla qohumluqları da yoxdur. Mövlud 4-5 ildir psixiator nəzarətindədir, müalicə alır. Onun başında uşaqlıqdan problemlər var”.

C.Rzazadə həmçinin qeyd edib ki, mətbuatda yayıldığı kimi, Sənan Quliyevi və Mövludu polislər əməliyyat keçirərək həbs etməyiblər: “Onlar saytlardan hadisə zamanı Azərin öldüyünü öyrəniblər. Hər ikisi dünən səhər tezdən polis idarəsinə gedib təslim olub”.

Sənan Quliyevin vəkili Vasif İsrafilov “Qafqazinfo”ya açıqlamasında isə bildirib ki, Sənan və Mövlud hər ikisi dindar olub və namaz qılandırlar: “Bu səbəbdən onlar orada söyüş söyməyiblər”.

İsrafilov qeyd edib ki, Sənan Quliyev və Mövlud dünən məhkəmənin qərarından sonra Nəsimi RPİ Saxlanma yerində qalıblar. Bu gün isə Kürdəxanı qəsəsəbəsində Bakı İstintaq Təcridxanasına köçürüləcəklər.

Qeyd edək ki, vəkillər Sənan Quliyevin hadisə zamanı döyülməsini sübut edən fotoları göndəriblər. Həmin fotoları təqdim edirik:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 656 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...