“Maşallah Əhmədov 15 min dollarımı alıb İrana qaçdı” - Zərərçəkmiş

 “Maşallah Əhmədov 15 min dollarımı alıb İrana qaçdı” -


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb. APA-nın məlumatına görə, prosesdə hakim Mirzə Xankişiyev jurnalistlərdən iclasda iştirakla bağlı redaksiya tapşırığı istəyib. Bildirib ki, həmin sənəd olmasa, jurnalistlər iclasda iştirak edə bilməzlər. Hakim redaksiya tapşırığı ilə bağlı sənədin necə olmasını isə izah edə bilməyib.

Jurnalistlər zaldan çıxarılıb və iclas qapalı keçirilib. İclasda məhkəmə istintaqının başlandığı elan olunub. Dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra zərərçəkmiş şəxs Sərxan Hüseynov ifadə verərək bildirib ki, M. Əhmədova 15 min dollar verib: "Həmin pulu bankdan götürüb Maşallah Əhmədova vermişdim. O isə pulu götürüb İrana qaçdı. Bundan sonra məni həbs etdilər. Maşallah Əhmədov İrandan gələndən sonra ona cinayət işi başladılar, məni azadlığa buraxdılar".

S. Hüseynov şikayətçi olduğunu deyib. Daha sonra iclasda digər zərərçəkmiş Yusif Əzizov ona dəymiş ziyanın ödənilməsini istəyib. Proses oktyabrın 25-də davam etdiriləcək. Qeyd edək ki, M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. İttihama görə, bizneslə məşğul olan keçmiş futbolçu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, vədinə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
809 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...