DİN-dən əməliyyat: Külli miqdarda kitab götürüldü
Daxili İşlər Nazirliyi (DİN) Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə «Dini etiqad azadlığı haqqında» qanunun tələblərindən irəli gələn vəzifələrin icrasını təmin etmək, dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, digər dini məzmunlu materialların müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, cari ilin 9 ayı ərzində dini qurumların yaradılması və fəaliyyət qaydasını, eləcə də dini etiqad azadlığı haqqında qanunvericiliyin tələblərini pozmuş 172 nəfər müəyyən edilərək onlardan 2148 ədəd dini təyinatlı ədəbiyyat, 250 ədəd CD və DVD disklər, 127 ədəd broşura götürülüb.
Təkcə cari ilin oktyabr ayı ərzində birgə tədbirlər nəticəsində Qaradağ rayonu ərazisindəki «Sədərək» ticarət mərkəzində fəaliyyət göstərən 5 dükanda və Yasamal rayonunda yerləşən 1 mağazada satışına razılıq verilməmiş və nəzarət markası ilə markalanmamış 303 ədəd dini təyinatlı ədəbiyyat, 7 ədəd CD və DVD disklər aşkar edilərək müsadirə olunub.
Eyni zamanda, Yasamal rayonundakı daha 4 mağazanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin razılığı olmadan fəaliyyət göstərməsi də müəyyən edilib. Qeyd olunan mağazaların məsul şəxsləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunublar. Bu istiqamətdə tədbirlər davam etdirilir.
754 dəfə oxundu