Dələduzluqda günahlandırılan məktəb direktoru həbs olunub

Dələduzluqda günahlandırılan məktəb direktoru həbs olunub


DIN-nin mətbuat xidmətini açıqlamasına görə, Bakı şəhər sakini S.Tağıyevanın pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Sabirabad rayon sakini D.Mustafayeva saxlanılıb.

Virtualaz.org saytının əldə etdiyi məlumata əsasən, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 27-də Bakı şəhər sakini Səbinə Tağıyevanın 13 min ABŞ dolları pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Sabirabad rayon sakini Diləfruz Mustafayeva saxlanılıb. Qeyd edək ki, Diləfruz Mustafayeva ötən ilə kimi Sabirabad şəhər, Sabir adına 1 saylı orta məktəbin direktoru işləyib. Amma hüquq-mühafizə orqanlarına onun ayrı-ayrı vətəndaşların pulunu dələduzluq yolu ilə mənimsəməsi barədə şikayətlər daxil olduğu üçün tutduğu vəzifədən azad edilib və barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi qaldırılaraq 2015-ci ilin sentyabr ayının 2-də Sabirabad rayon Polis Şöbəsi tərəfindən saxlanılıb.

Amma sentyabr ayının 7-də o zaminə buraxılmışdı. Diləfruz Mustafayevanın qarşısında isə şərt qoyulmuşdu ki, ayrı-ayrı şəxslərin, o cümlədən müəllimlərin adına aldığı külli miqdarda kredit borclarını qısa vaxt ərzində ödəsin. Belə ki, məktəb direktoru banklardan Sabirabad sakinləri olan ayrı-ayrı vətəndaşların, əsasən rayon məktəblərinin müəllimlərinin adına külli miqdarda kredit götürmüşdü. Amma son vaxtlar bu pulu ödəyə bilmədiyindən, banklar kredit borcunu müəllimlərin əməkhaqqından tutmağa başlamışdı. Adına kredit götürülən vətəndaşlar hüquq-mühafizə orqanlarına şikayət etmişdilər və həmin şikayətlər əsasında araşdırma aparılaraq cinayət işi başlanmışdı.

Əldə etdiyimiz məlumata görə, aldığı pulların bir qismini ödəsə də, bu cinayət işi baxılması üçün artıq məhkəməyə göndərildiyi bir ərəfədə keçmiş direktor başqa bir şəxsə qarşı dələduzluq törətməkdə şübhəli bilinərək həbs olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 042 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...