“800 manatlıq işi 10 min yazırdıq” - “Azəryolservis” rəsmisi

“800 manatlıq işi 10 min yazırdıq” -


“Azəryolservis”in vəzifəli şəxsi hazırda məhkəməsi davam edən “Rabitə işi”nə cəlb olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazirliyin vəzifəli şəxslərinin dövlət əhəmiyyətli tikintilər üçün şişirdilmiş məbləğ yazaraq dövlət büdcəsindən külli miqdarda pullar mənimsəməsi epizodu üzrə dindirilən “Xəzər” MMC-nin rəhbəri Ənvər Cabbarov bu işləri “Azəryolsrvis” ASC-nin İdarə rəisinin müavini Vilayət Səlimovun vasitəsilə gördüyünü deyib.

Ə.Cabbarov istintaqa ifadəsində bildirib ki, 2002-ci il “Xəzər” MMC-ni təsis edib, 2009-cu ildə isə qonşusu Vilayət Səlimova ona sərfəli bir təklif edib: “Vilayət Səlimov dedi ki, Rabitə Nazirliyində tanışları var, əgər istəyirəmsə Nazirliyinin tikinti işlərini birlikdə görə bilərik. Mən də razılaşdım, hesaba köçürüləcək pullardan 2 faiz alacaqdım. Bütün işlərə Vilayət özü başçılıq edirdi. Bir müddət “Azərpoçt”la, sonra isə “Aztelekom”la işlədik. “Aztelekom” MMC-nin tabeliyində olan Salyan, Qobustan, Goranboy və Beyləqan rayon Telekommunikasiya Qovuşaqlarının ATS-lərinin təmir etdik.

Ümumilikdə “Aztelekom” MMC-dən “Xəzər-2011” MMC-nin hesabına 250.000 manata yaxın vəsait köçürülüb. Həmin məbləğin 18 faizi əlavə dəyər vergisi, 0,5 faizi isə bank xidmət haqqı kimi çıxılırdı. Bankdan çıxartdığım nağd pulun hamısını Vilayətə verirdim, bütün xərcləri o ödəyirdi. Mənə isə, təxminən 1000 manat pul verirdi.

Ümumi olaraq, “Xəzər-2011” MMC-yə ayrılan 490.152 manat vəsaitdən 308.087 manatı iş həcmlərinin dəyərinin artırılması yolu ilə şişirdilib. Həmin puldan da 200.000 manatı Vilayət Səlimovun vasitəsi ilə “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova göndərmişik”.

Ə.Cabbarovun ifadəsi əsasında dindirilən Vilayət Səlimov 1998-2005-ci illərdə 1 saylı şəhər Kliniki Xəstəxanasında İqtisadi işlər üzrə müavin, 2006-2015-ci illərdə “Azəryolservis” ASC-də İdarə rəisinin müavini vəzifəsində işlədiyini deyib: “Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovu 25 ildir tanıyıram, onu Bakı şəhər Maliyyə idarəsinin rəisi vəzifəsində işlədiyi dövrdən tanıyırdım, yaxın dost olmuşuq. Rabitə Nazirliyindəki digər şəxsləri də onun vasitəsilə tanımışam. 2009-cu ildə “Azərpoçt” MMC və “Aztelekom” MMC-nin tabeliyində olan filiallarla bağlı təmir tikinti işlərinin icra olunduğunu eşitdim, qonşum Ənvər Cabbarova birgə işləməyimizi təklif etdim, razılaşdıq”.

“Azəryolservis” rəsmisi bundan sonra tenderlərdə qanunsuz olaraq qalib elan edilmələri üçün baş mühasib Oktay Rüstəmovla razılığa gəlib: “İşlərin bizə verilməsi ilə əlaqədar “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov və “Azərpoçt” MMC-nin əməkdaşı Abdulla müəllimlə danışdım. Oktay Rüstəmov daxili qaydaya əsasən kotirovka və tenderdə qalib gələn müəssisələrin hesabına köçürülən vəsaitin bir hissəsinin onlara qaytarılmalı olduğunu dedi, biz də razılaşdıq. Köçürülən pulu bankdan çıxarıb 50 faizini Oktay rüstəmova verirdik. EATS binasının təmir-tikintisinə, kvardatmetdən aslı olaraq maksimum 800-5000 manat arası vəsait sərf olunurdu, kotirovka sorğularında qiymətlər 10.000-17.000 manat arası sənədləşdirildi. Ümumi olaraq Oktay Səlimova 200 min manat pul qaytarmışıq”.

V.Səlimov bu hadisələr aşkarlanandan sonra, 2015-ci ildə tutduğu vəzifədən azad olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
786 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...