Təqsirləndirilən şəxs: “Nazirlikdə tenderlər formal olub” - “RABİTƏ İŞİ” - YENİ

Təqsirləndirilən şəxs: “Nazirlikdə tenderlər formal olub” -


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Anar Mustafayev prokurorun suallarını cavablandırıb. Prokuror ondan qiymət artımı barədə göstərişin kim tərəfindən verildiyini soruşub. A. Mustafayev bildirib ki, o, bundan sonradan xəbər tutub: "Mənim yanımda Beytulla Hüseynova göstəriş gəlməyib, sonradan bildim. O zaman mənim 27, onun 42 yaşı var idi".

İclasda məlum olub ki, 2005-ci ilin aprel ayında Beytulla Hüseynov BTRİB-yə direktor, Anar Mustafayev isə baş mühasib təyin edilib. A. Mustafayev paket şəklində aldığı pulla bağlı bildirib ki, bu, ayda 800-1000 manat arasında dəyişib və ümumi olaraq, 95-110 min manat olub.

B. Hüseynov isə bildirib ki, Anar Mustafayevə ayda 7000 manat verib, lakin hamısı ona qalmayıb: "Onun 30 işçisi var idi".

A. Mustafayev işlədiyi dövrdə əmək haqqının 560 manatdan 1000 manata qədər olduğunu söyləyib. O, mal-materialı bazar qiymətindən aşağı qiymətə alıb, həmin məbləğin 20-25 faiz artırıldığını deyib. A. Mustafayev bildirib ki, Bayram Vəliyev, Emin Məmmədov və Namazalı Məmmədovun razılığı ilə onlara çatan məbləği mənimsəyiblər: "Biz dövlət əmlakını mənimsəməmişik. Əməkdaşların onkoloji xəstəlikləri, toyları, yasları, tədbirlərin hamısı həmin pulla edilib. Mən nazirliyə verilən pulun məbləğin bilmirəm. Bunu Beytulla Hüseynov və Vidadi Zeynalov bilir".

Daha sonra Bayram Vəliyev ifadə verərək istintaqa verdiyi ifadəsini təsdiq edib. Onun istintaqa verdiyi ifadə elan edilib. O, ifadəsində B. Hüseynovun göstərişi ilə şirkətlər təsis etdiyini, direktorun isə B. Hüseynov olduğunu deyib. Bildirib ki, şirkətlər bir müddət B. Hüseynovun arvadının adına keçib, sonra yenidən B. Hüseynovun adına dəyişdirilib. Onun sözlərinə görə, tenderlər formal olub və bunu B. Hüseynov təşkil edib. B. Vəliyev ayda 1000 manat rəsmi maaş, 1500 manat isə paket şəklində alıb. İclasda V. Zeynalov ittiham aktını almadığını deyib. O, ittiham aktının verilməsini xahiş edib.

İclas dekabrın 2-də davam edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
869 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...