“Nazirlikdə yazılmamış qanunlar var idi” - “Rabitə işi”

“Nazirlikdə yazılmamış qanunlar var idi” -


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digər yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər.

“Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov ifadə verərək deyib ki, tenderlərdə aktların yazılmasında, tikinti materiallarının yazılmasında heç bir iştirakı olmayıb: "Heç bir sənəddə imzam da yoxdur. Sadəcə mühasib kimi işləyib hazır sənədlər əsasında dövlət qurumlarına hesabat hazırlayıb təqdim etmişəm, 400 manat əmək haqqımı almışam. Mənə 32 min manat mənimsəmə ittihamı verilib. 22 yaşlı qızım daimi xəstə olub, dərmanlar baha olanda Namazalı müəllimə deyirdim, o kömək edirdi, başqa heç bir məbləğ almamışam. Bütün işləri MMC-nin direktoru Namazalı Məmmədov aparırdı. Rabitə Nazirliyi tikinti üçün ödənişləri vaxtı-vaxtında etmirdi, hələ də 16 milyon manat borcları qalıb".

Namazalı Məmmədov deyib ki, S.Hümbətovla aralarında heç bir anlaşma olmayıb: "Heç bank qəbzlərində də onun imzası yoxdur. Sadəcə qızının xəstəliyi üçün xeyriyyə məqsədi ilə bəzən şəxsi hesabımdan pul vermişəm".

S.Hümbətov deyib ki, istintaqa verdiyi ifadəsini təsdiqləsə də, ittiham aktında qeyd olunan ifadəsi tamam başqa cür yazılıb.

Hakim onun istintaqa ifadəsini elan edib.

Digər təqsirləndirilən "Rabitə Mülki Tikinti" MMC-nin direktoru olmuş Emin Məmmədov ifadə verərək deyib ki, istintaq zamanı tikinti materiallarının qiymətləndirilməsi düzgün aparılmayıb: "Bunun əsasında da bizə ittiham verilib. 250 manatlıq taxta 70 manat yazılıb, bu yolla bizə şişirdilmiş mənimsəmə ittihamı verilib. Bizim əlavə xərclərimiz olurdu. Lahıca telefon xətti çəkiləndə 70-ə yaxın dirəyin üstünə dağdan daş töküldü, qırıldı, 4 km kabel məhv oldu. İstintaq bunları, işçilərin yeməyini, qalmağını, ümumiyyətlə əlavə xərclərin heç birini nəzərə almayıb. Biz dövlət əmlakının 1 manatına da əl uzatmamışıq. 1991-ci ilin qiymətləri ilə hesablama aparmaq olar?

Desinlər ki, mən ittiham orqanıyam, dediyim olmalıdır, biz də deyək baş üstə. İş zamanı 4 montyorum yıxılıb, 1-i vəfat edib, 2-si şikəstdi, hələ də onlara pul ödəyirəm. Bizim günahımız nədir? İttihamın 90-ı şişirtmədir. Əlavə xərclərimizə dair bütün hesabatlarımızı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim etmişdim, müstəntiq dedi itirmişəm".

Məhkəmədə günün ikinci yarısına kimi fasilə elan olunub.

***

Fasilədən sonra Emin Məmmədov çıxışını davam etdirib. O deyib ki, keyfiyyətli kabellərdən istifadə etdikləri üçün qiymətlər baha olub: “Mənim səhvim onda olub ki, nazirlikdə bu işlərə baxan qurum olmayıb. Onlar 4 milyonluq obyekti mənə 3 milyona tikdirdilər. Şirkətdə kotirokva işlərinə özüm baxırdım. Rabitə Nazirliyində yazılmamış qanunlar var idi. Birinin çalışdığı obyektə başqası girə bilməzdi. Ona görə də işlərə birbaşa özüm nəzarət edirdim”.

Porses iştirakçılarının suallarını cavablandıran E.Məmmədov hər ay "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədova və “Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynova paket verdiyini deyib: “Paket" sözünü də orada öyrəndim. Hər ay 5 min pul qazanırdım, 2 min manat Beytulla Hüseynova verirdim. Amma ittiham aktında yazılıb ki, Beytulla müəllimlə birgə 2,3 milyon manat mənimsəmişəm. Əslində, qaydalara görə, mən işləri bitirəndən 1 il sonra pul almalı idim”.

Məhkəmə prosesi dekabrın 9-da davam etdiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
898 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...