Tağı Əhmədovun qardaşı oğlu ifadə verdi - Akif Çovdarovun məhkəməsində
Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.
Lent.az-ın məlumatına görə, prosesdə Tağı Əhmədovun qardaşı oğlu Şövqi Əhmədov və qohumu Elşən Tağıyev ifadə verib. Hər iki şəxs ifadələrində bildiriblər ki, onları MTN-ə aparıb və döyüblər. Yalnız onu da bildiriblər ki, onları MTN-də kimlərin döydüklərini bilmirlər və təqsirləndirilən şəxsləri tanımırlar. Onlar eyni zamanda deyiblər ki, MTN-də Tağı Əhmədovun əleyhinə ifadə almağa cəhdlər olub və bu səbəbdən də döyülüblər.
Prosesdə məlum olub ki, Tağı Əhmədovun qardaşı oğlu Şövqi Əhmədov MTN-də əmisinin əleyhinə ifadə verib. Lakin Elşən Tağıyev ifadəsində gələn gəlirlərin dövlət büdcəsinə verildiyini deyib. Dindirilənlərin sərbəst ifadələri ilə istintaqa verilən ifadələri arasında ziddiyyət olub. Buna görə, məhkəmədə onların istintaqa verdikləri ifadələri elan olunub. Onlarım hər ikisi istintaqa verdikləri ifadələri təsdiqləyiblər. Tağı Əhmədovun özü isə gələn prosesdə gələrək ifadə verməsi gözlənilir.
Proses dekabrın 28-də davam edəcək.
1 066 dəfə oxundu