Ötən il avtomobili çəkiclə əzilən yol polisi işdən çıxarılıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Yol Patrul Xidməti (YPX) avtomobilini çəkiclə əzən Şahin Bəylərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs, Daxili İşlər Nazirliyinin Texniki Təchizat Baş İdarəsinin nümayəndəsi Kamran Əsgərli bildirib ki, hadisə nəticəsində yol polisinin avtomobilinə 10 min manata yaxın ziyan dəyib. O, dəymiş ziyanın ödənilməsini tələb edib.
Təqsirləndirilən Ş. Bəylərov isə dəymiş ziyanı yalnız azadlığa çıxdıqdan sonra ödəyəcəyini deyib. Sonra şahid qismində polis kapitanı Elşad Novruzzadə ifadə verib. O bildirib ki, 2016-cı il fevralın 17-də təqsirləndirilən şəxs polis avtomobilini əzdiyi üçün bölməyə gətirilib və üzərindən narkotik maddə aşkar edilib. Ş. Bəylərov isə buna etiraz edərək, şahidin yalan ifadə verdiyini deyib. Sonra hadisənin baş vermə anının videogörüntüləri nümayiş olunub.
Ş. Bəylərov avtomobili idarə edən polis əməkdaşının hərəkətlərindən əsəbiləşdiyi üçün belə addım atdığını qeyd edib. Zərərçəkmiş tərəfin nümayəndəsi K. Əsgərli isə bildirilib ki, Ş. Bəylərovun avtomobilini əzdiyi polis əməkdaşı işindən azad edilib.
Sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Proses noyabrın 25-də davam etdiriləcək. Qeyd edək ki, ötən il fevralın 18-də Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, əvvəllər məhkum edilmiş Ş.Bəylərov Bakıda xidmət aparan “BMW” markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb. Daha sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxsin sərxoş halda olması müəyyənləşib. Ondan 302,477 qram heroin götürülüb. O, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.
848 dəfə oxundu