"Söhbətə çağırdım, arvadı ilə gəldi" - bacanaqlar arasında ölümlə bitən davanın təfərrüatı

"Söhbətə çağırdım, arvadı ilə gəldi" -


Məhkəməsində bacanağını öldürməkdə təqsirləndirilən Emin Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
E.Nəsirov elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. İstintaqa verdiyi ifadəsini təsdiq edən Nəsirov hadisənin baş vermə səbəbini danışıb.

O, davanın söyüş üstündə baş verdiyini bildirib: "Neyməti söyüşə görə öldürdüm. Zəng edib, söyüş söydü. Mən də söhbətə çağırdım. Neymət arvadı ilə gəldi. Ona dedim ki, "bu nə söyüşdü?". Dedi ki, "istəyirsən üzünə də söyüm". Məni təhqir etməyə başladı. Mübahisə elədik, sonra onu bıçaqla vurdum. Ərazidən uzaqlaşdım, bıçağı da atdım. Neymət həmişə içkili olurdu. Hadisə günü mən də içkili idim".

Zərərçəkmişin hüquqi varisi, qətlə yetirilən şəxsin qardaşı Fərhad Xəlilov da məhkəmədə ifadə verib.

O bildirib ki, qardaşının ölüm xəbərini hadisənin səhərisi günü eşidib: "Dostum zəng edib, bu barədə mənə məlumat verdi. Sonra xəstəxanaya getdim. Polis şöbəsində qardaşımın Emin tərəfindən söyüşə görə öldürüldüyünü öyrəndim".

F.Xəlilov qardaşının həyat yoldaşı ilə qeyri-rəsmi yaşadığını, hər gün içki içdiyini söyləyib: "Bağlarda işlədiyini eşitmişdim. Qardaşımın yoldaşı ilə münasibətim yox idi. Həmin qadını elə də yaxşı tanımırdım. Neymət hadisədən əvvəl evə gəlmişdi. O, həmin qadından ayrıldığını demişdi. O, yola getmədiklərini göstərdi. İki uşaqları var idi".

F.Xəlilov təqsirləndirilən E.Nəsirovdan şikayətçi olduğunu söyləyib.

Məhkəmədə şahid qismində Günəş Mürsəliyeva ifadə verib. O, qətli törətməkdə təqdirləndirilən E.Nəsirovun həyat yoldaşı olub.

O bildirib ki, qətlə yetirilən N.Xəlilov ona zəng edərək söyüş söyüb. Daha sonra telefonu Emin Nəsirov alaraq Xəlilovla danışıb.

"Neymət yenə söyüş söydü. Emin də evdən çıxıb, onunla görüşə getdi və məlum hadisə baş verdi. Emin evə qayıdanda Neyməti qətlə yetirdiyini dedi. Evdən götürdüyü bıçağı isə kolluğa atdığını söylədi"- deyə şahid bildirib.

Qeyd edək ki, hadisə ötən il iyulun 8-də Quba rayonunun Nügədi-Qazmalar kəndində baş verib.

Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Nəsirov Emin Məhəmməd oğlu münaqişə zəminində bacanağı N.Xəlilovu bıçaqlayaraq qətlə yetirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
806 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...