“Lotu Quli”nin yeznəsinin məhkəməsində hakim işdən uzaqlaşdırıldı
"Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yeznəsi Vidadi Hüseynov Bakıda hakim qarşısına çıxarılıb. Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, V.Hüseynov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinin hazırlıq iclası hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılıb.
Məhkəmədə V.Hüseynovun anket məlumatları dəqiqləşdirilib. Cəlilabaddan olan V.Hüseynov 3 uşaq atasıdır. Onun 10, 14 və 16 yaşında övladları var. V.Hüseynovun vəkili hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun da vəkili olan Kamandar Nəsibovdur. Məhkəmənin gedişində ilginc məqamlar ortaya çıxıb. Prokuror Fərid Nağıyev çıxış edərək hakimə etiraz edib. F.Nağıyev hakim Əfqan Hacıyevin işdən kənarlaşdırılmasını tələb edib.
Prokuror vəsatətini əsaslandırarkən bildirib ki, hakim Əfqan Hacıyev 2005-ci ildə vəkillik fəaliyyəti ilə məşğul olarkən Vidadi Hüseynovun qohumu Nadir Səlifovun müdafiəçisi olub.
"Vidadi Hüseynovun həyat yoldaşı Nadir Səlifov və Müşfiq Səlifovun bacısıdır. Hansı ki, Nadir Səlifov və qeyrilərinin Cinayət Məcəlləsinin 182.3.1 və digər maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə işə baxılmış və məhkəmənin 7 oktyabr 2005-ci il tarixli hökmü ilə həmin şəxslər müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Həmin şəxslər barəsində verilən apellyasiya şikayətlərinin sürətindən, habelə Apellyasiya Məhkəməsinin 31 iyul 2006-cı il tarixli qərarından görünür ki, Nadir və Müşfiq Səlifovların müdafiəçiləri Kamandar Nəsibov və Əfqan Hacıyev də olub. Qeyd edilənlərdən göründüyü kimi bir neçə məhkəmə instansiyasında Vidadi Hüsdynovun qayınlarının müdafiəsini həyata keçirmiş Əfqan Hacıyevə hazırkı iş üzrə sədrlik həvalə edilib. Yuxarıda göstərilənlərdən göründüyü kimi, Hakim Əfqan Hacıyevin bu iş üzrə maraqlı olmasını sübut edən dəlillər mövcuddur. Bunlara əsas olaraq hakimə etiraz edirik"- deyə prokuror vəsatətini əsaslandırarkən qeyd edib.
Hakim Əfqan Hacıyev isə bu işdə heç bir marağının olmadığını və vəsatətin təmin edilməsinə etiraz etmədiyini deyib.
Vəkil Kamandar Nəsibov isə vəsatətin təmin edilməməsini istəyib və bildirib ki, Vidadi Hüseynov Nadir Səlifovun yaxın qohumu hesab edilə bilməz: "Əslində dərinə getsən Azərbaycanda hamı bir-biri ilə qohumdur. Belə çıxır ki, hakim heç bir işə çıxmamalıdır? Bu vəsatət əsassızdır. Təmin edilməməsini isrəyirik".
Təqsirləmdirilən Vidadi Hüseynov da vəkili ilə razı olduğunu hakimin dəyişdirilməsini istəmədiyini deyib.
Prokurorun vəsatəti hakimlər Fikrət Qəribov və Rasim Sadıqovun iştirakı ilə müşavirədə müzakirə edilib. Müşavirədən qayıdan hakimlər müşavirənin nəticəsini elan edib. Hakim Fikrət Qəribov deyib ki, prokurorun vəsatəti təmin edilir və hakim Əfqan Hacıyev işdən kənarlaşdırılır. İşə yeni hakim təyin olunanadək qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
İttiham aktına əsasən, V.Hüseynov 2016-cı ilin aprel ayının 30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4 ünvanın qarşısında Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Saxlanılarkən onun üzərindən 12,360 qram heroin aşkar edilərək götürülüb.
V.Hüseynovun barəsində Cinayət Məcəlləsinin (CM) 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanılıb və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi Sabunçu Rayon Prokurorluğunda araşdırıldıqdan sonra məhkəməyə göndərilib.
Daha sonra V.Hüseynov barəsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, ötən il Səbail rayonunda "Bulaq" restoranında kriminal qruplaşmaların üzvləri arasında silahlı atışma olmuşdu. Vidadi Hüseynov və onlarla kriminal aləmə yaxın olduğu ddyiləm şəxslərin saxlanılması həmin ərəfəyə təsadüf edir.
1 189 dəfə oxundu