“Mövlam Şıxəliyev və Etibar Əliyev məsuliyyətə cəlb edilsin”
“MTN işi”ndəki zərərçəkənlər vitse-prezidentə müraciət etdi“Hacı Məmmədovun cinayətkar əməllərini ifşa edib sonradan onun funksiyalarını Mövlam Şıxəliyev və Vüsal Ələkbərov icra etməyə başlayıb”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli əməkdaşları tərəfindən zərərçəkmiş vətəndaşlar şikayətçidir. MTN-nin İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işində adı keçən zərərçəkən kimi tanınan sahibkarlar Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ediblər. “Texnikabank ASC-nin əmanətçiləri olan Nizami Kazımov, Hüseyn Səfərov, Elşən Mədətov, Mehrac Qurbanov, Namil Rzayev, Bahəddin Sultanov, Musənnif Salahov, Akif Qurbanov MTN rəsmilərinin haqsızlığı, zorakılığı, talançılığına məruz qaldıqlarını qeyd ediblər.
Zərərçəkmişlər “Texnikabank” ASC-nin keçmiş əmanətçiləri kimi ləğv edilmiş MTN rəsmiləri tərəfindən hüquqlarının pozulmasını qeyd ediblər. “Azərbaycanımızın hazırkı real inkişafını gözü götürməyən Eldar Mahmudovun, Akif Çovdarovun və onların əlaltıları qanunazidd əməllərinə görə həbs edilən və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan MTN-nin istintaq baş idarəsinin 2-ci şöbəsinin keçmiş rəisi Vüsal Ələkbərovun, habelə MTN-nin istintaq idarəsinin keçmiş rəisi, sözügedən hadisələrə bilavasitə dirijorluq edən, çox ustalıqla istintaqdan yayınan Mövlam Şıxəliyevin bizlərə, həmçinin onlarla namuslu insanlara qarşı yönəltdikləri qanundankənar təqibləri, zorakılıqları, hədə-qorxuları ilə talançılıqları, rüşvətxorluqları yalnız dövləti sarsıtmağa və bilərəkdən sosial gərginlik yaratamağa, zəhmətsiz, haram yolla varlanmağa hesablanıb”.
Müraciət sahibləri vurğulayırlar ki, başlarına gətirilən faciənin baş qəhrəmanlarından biri də “Texnikabank” ASC-nin müşahidə şurasının sədri, Eldar Mahmudovun sağ əli hesab edilən Etibar Əliyevdir. “Əgər Etibar Əliyev xəlvəti yolla MTN rəsmiləri ilə əməkdaşlıq etməsəydi, MTN-ə gizli yollarla informasiya ötürməsəydi Vüsal Ələkbərov və ya Mövlam Şıxəliyev haradan bilmiş olardılar ki, biz əmanətçilər banka nə qədər vəsait qoymuşuq. Bizim hər birimizi bu gün bir sual dərindən düşünməyə vadar edir ki, görəsən qanuni yolla banka əmanət etibar etmək nə vaxtdan bəri dələduzluq sayılır. Banka əmanət yatırmaq həqiqətən cinayət hesab edilirsə, bəs onda Etibar Əliyev hansı zərurətə görə yalnız biz 8 nəfərin siyahısını MTN-ə göndərib. Bizdən savayı “Terxnikabank”da digər əmanətçilər mövcud deyildi? Biz bu sualı özümüz cavablandırırq. MTN-i yalnız iri məbləğdə olan əmanətlər maraqlandırıb”, - deyə zərərçəkmişlər bildirib.
Həmçinin qeyd ediblər ki, dövlətin təhlükəsizliyini qorumalı olan MTN öz işindən başqa bütün iyrənc işlərlə, hətta adam oğurluğu ilə məşğul olublar: “İllər öncə Hacı Məmmədovun cinayətkar əməllərini ifşa edib və sonradan onun funksiyalarını məhz Mövlam Şıxəliyev və Vüsal Ələkbərov icra etməyə başlayıb. Günahımız nə idi ki, Vüsal Ələkbərov və Mövlam Şıxəliyev həm son qəpiyə qədər pullarımızı aldılar, həm də bankdakı əmanətlərimiz batdi”.
Sahibkarlar müraciətin sonunda dəymiş maddi ziyanın Vüsal Ələkbərov və Mövlam Şıxəliyev tərəfindən ödənilməsinə, eləcə də istintaqdan yayınan Mövlam Şıxəliyev və Etibar Əliyevin əsl təqsirkarlar kimi cinayət məsuliyyətinə cəlb edilməsinə göstəriş verilməsini xahiş edirlər.
863 dəfə oxundu