Məhkəmə Maşallah Əhmədova yenidən vaxt verib

Məhkəmə Maşallah Əhmədova yenidən vaxt verib


Bu gün Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib. "Report"un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hər iki tərəfə vaxt verdiyi açıqlanıb.

Hakim bildirib ki, zərərçəkmiş Yusif Əzizova dəymiş ziyanın ödənilməsi ilə bağlı qarşı tərəflə razılığa gəlməlidir.
Ona görə də iclas mayın 19-nadək təxirə salınıb.


Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı qalan veteran futbolçu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin apellyasiya şikayəti təmin edilməyib.

Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.

Ötən il avqust ayında isə M.Əhmədovun işi üzrə ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma prokurorluq cinayət işini ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Əhmədov və onun vəkili Samir Abdullayev apellyasiya şikayəti verib. Müdafiəçi müvəkkilinin ittiham olunduğu dörd epizod üzrə M.Əhmədova bəraət, bir epizod üzrə isə həbslə bağlı olmayan cəzanın verilməsini istəyir.
Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
889 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...