Lapşinin anası məhkəməyə gəlmədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Belarusiyada həbs edilərək Azərbaycana ekstradisiya edilən, dövlət sərhədini qanunsuz pozmaqda təqsirləndirilən bloqer Alekksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə Lapşinin anasının məhkəməyə gəlmədiyi bildirilib. O, vəkili vasitəsilə ifadə verməyəcəyi barədə məlumat çatdırıb.
Daha sonra Şuşa şəhərindən olan köçkünlər ifadə verib. Prosesdə Şuşa şəhərindən olan məcburi köçkün Əsmər Xəlilova deyib ki, internetdə Lapşinin məqaləsini oxuduqdan sonra doğma torpaqlarına qayıtması ilə bağlı ümidləri puç olub: "Məcburi köçkünlərin bu şəxsə etirazı var. Bir neçə gün əvvəl Azərbaycan xalqı Fizuli rayonunda bir faciə yaşadı. İki yaşlı Zəhranın günahı nə idi? Ermənilər onu qətlə yetirib. Lapşin isə quldur erməniləri müdafiə edib. Ona ən layiqli cəzanın verilməsini istəyirəm".
Digər köçkünlər - Məmməd Hacıyev və Yunus Hüseynov deyiblər ki, Lapşini Azərbaycanda görəndə sarsıntı keçiriblər. Daha sonra prosesdə sənədlərin tədqiq edilib. Lapşinin vəkili vəsatət verərək Lapşinin məqalələrinə rəy verən ekspert Almaz Bayramovanın məhkəmədə dindirilməsini istəyib. Vəsatət təmin edilib. Məhkəmə prosesi iyulun 11-də davam etdiriləcək.
831 dəfə oxundu