3 nəfərin ölümü ilə nəticələnmiş hadisə barədə - Baş Prokurorluq və DİN-dən açıqlama

3 nəfərin ölümü ilə nəticələnmiş hadisə barədə -


Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Lerik rayonunda 3 nəfərin ölümü ilə nəticələnmiş hadisə barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Lerik rayonunda törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb.

"Belə ki, cari il avqustun 22-də saat 05.20-də rayonun Vivəzəmin kənd sakini Mehdi Mirzəzadə Daxili İşlər Nazirliyinin “102-Zəng Xidməti” Mərkəzinə zəng edərək atası Elman Hüseynovun yaşadıqları evi yandırdığını, habelə anası Şükufəni və bacısı Süsəni öldürmək istədiyini bildirib.

Məlumatla əlaqədar rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları dərhal hadisə yerinə çıxıb və göstərilən ünvanda yanğının baş verməsi müəyyən edilib.

Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzinin yangınsöndürmə xidmətinin əməkdaşları təxirəsalınmadan hadisə yerinə çağırılaraq yanğının söndürülməsinə cəlb olunublar. Həyata keçirilmiş kompleks tədbirlərlə yanğının qısa müddətdə söndürülməsi təmin edilib, bu zaman ümumi sahəsi 137 kvadratmetr olan birmərtəbəli, üçotaqlı evin tamamilə yanması məlum olub.

Yanğın söndürüldükdən sonra mənzildən ev sahibi Elman Hüseynovun, onun həyat yoldaşı Şükufənin və qızı Süsənin yanaraq tanınmaz hala düşmüş meyitləri aşkar edilib. Məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırma zamanı Mehdi Mirzəzadə izahatında həmin gün səhər radələrində atasının bıçaqla anasını və bacısını vurduğunu, Elman Hüseynovun ona da xəsarət yetirməyə cəhd göstərsə də, həyətə qaçdığını, sonda isə evi yandırmaqla atasının intihar etdiyini göstərib.

Məhkəmə-tibb ekspertizası tərəfindən meyitlərin müayinəsi zamanı Elman Hüseynovun boyun və sağ kürək nahiyələrində deşilmiş-kəsilmiş xəsarətlərin olması müəyyənləşdirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 125-ci (özünü öldürmə həddinə çatdırma) və 186.2.2-ci (əmlakı qəsdən yandırmaqla məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanıb.

Ekspertizanın rəyi ilə M. Mirzəzadənin izahatı arasında uyğunsuzluq yarandığından, eləcə də üç ailə üzvünün öldürülərək evin yandırılması cinayətini törətməsində əsaslı şübhələr olduğundan sonuncu polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Aparılmış intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, avqustun 21-də günorta və axşam radələrində Elman Hüseynovla həyat yoldaşı arasında ailə münaqişəsi zəminində mübahisə baş verib. Avqustun 22-nə keçən gecə səsə oyanmış Süsən valideynlərinin yatdığı otağa daxil olduqda anası Şükufəni divanda huşsuz vəziyyətdə görüb. Gecə qəfil yaranmış hay-küyün yaranma səbəbini öyrənmək üçün yataq otağına daxil olan M. Mirzəzadə bacısının atası tərəfindən öldürülməsinin şahidi olub, eyni aqibətlə üzləşməmək üçün bıçaqla E. Hüseynovun boyun və sağ kürək nahiyəsinə bir neçə zərbə endirib.

Daha sonra cinayətin izini itirmək məqsədilə o, yataq otağındakı lampanın neftini həyatlarını itirmiş ailə üzvlərinin üzərlərinə, evin digər hissələrinə tökərək mənzili yandırıb. M. Mirzəzadə ifadəsində atasını qətlə yetirdiyini, sonra isə evdə yanğın törətdiyini etiraf edib. O, cinayətin aləti olan bıçağı da maddi sübut kimi istintaqa təqdim edib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir", - məlumatda bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
950 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...