"İlqar pis uşaq deyil, cavandı da..." - Məmur oğlunun avtomobillə girdiyi məktəbin direktoru DANIŞDI
Xəbər verdiyimiz kimi, Ağdaş rayon icra hakimiyyəti başçısının müavini, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənovun oğlu ağır yol qəzası törədib. Hadisə dünən gecə saat 2 radələrində baş verib. Məmurun oğlu İlqar Həsənov 90 ZM 111 dövlət nömrə nişanlı "İnfinity” markalı maşını yüksək sürətlə idarə edərkən qəza törədib. Maşın əvvəlcə mağazaya çırpılıb, daha sonra ışıq dirəyini yerindən qopararaq rayondakı 5 nömrəli məktəbin həyətinə girib. İ. Həsənov ağır qəza törətməsinə baxmayaraq ciddi xəsarət almayıb. Onun içkili vəziyyətdə olduğu bildirilir.
Hadisı ilə bağlı 5 nömrəli məktəbin direktoru İradə Məmmədova unikal.org-a qəzanın baş verməsini təsdiqləyib. Xanım direktor deyib ki, hadisə dünən gecə saat 01:00 radələrində baş verib:
"İlqar gecə toyda olub. Evə qayıdanda hadisə baş verib. Heç kimin "cızığı” belə yoxdur. Salamatçılıqdır. Xəsarət alan olmasa da məktəbə və işıq dirəyinə ziyan dəyib. Təsadüfdü də... O pis uşaq deyil. İşdi də olacaqdı. Heç kəs bilməz ki, sabah və ya biri gün başına nə gələ bilər? Toydan çıxmış cavan uşaqdı! Dünən səhər məktəbə gəldi. Peşman halda hadisə baş verən əraziyə baxdı. Hadisə yerinin yenidən bərpası üçün köməklik lazım olub-olmamağı barədə soruşdu. Mən də dedim ki, "narahat olma bir şey eləyərik”. Yəqin ki, özləri məktəbin hasarını təmir edəcəklər. Artıq işıq dirəyini düzəldiblər. Səhərdən tanımadığım adamlar hadisə yerinə gəlib, baxıb gedirlər”.
-İradə xanım, İlqar Həsənov içkili olub?
-Vallah nə deyim? Toydan çıxan adam hər halda içkili olar da? Bir daha deyirəm dünən səhər hadisə yerinə gəlib baxış keçirdi, ayıq idi, içkili deyildi.
973 dəfə oxundu