İşsizlər üçün ayrılan pulları mənimsəyən məmurların məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinin direktoru Sayad Cavadzadənin və mühasibi Arzu Fərzəliyevanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
APA-nın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
S. Cavadzadə və A. Fərzəliyeva elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli biliblər.
Daha sonra şahid qismində ifadə verən Aynur İsmayılova 2014-cü ildə iş üçün Məşğulluq Mərkəzinə müraciət etdiyini qeyd edib. A. İsmayılov mərkəzdən pul almadığını deyib: "Ancaq məni istintaqda dindirəndə dedilər ki, adıma 2563 manat pul yazılıb. Mənim bundan xəbərim yoxdur. Bu məbləği almamışam".
Digər şahid Kənan Zülfüqarov deyib ki, 2012-ci ildə işdən çıxarıldığı üçün Məşğulluq Mərkəzinə gələrək, Sayyad Cavadzadəyə müraciət edib. Onun sözlərinə görə, S. Cavadzadə ona 400 manat pul verib: "Sonradan istintaqda mənə məlum oldu ki, adıma ayrılan 2400 manatdan yalnız 400 manat mənə çatıb. Məşğulluq Mərkəzində mənə dedilər ki, 600 manat pul yazılıb, bundan da mənə 400 manat pul veriləcək".
Digər şahid Elşən Əliyev isə işdə ixtisara düşdüyü üçün müavinət almaq istəyib: "Məşğulluq Mərkəzində Arzu Fərzəliyevaya müraciət etdim. Arzu xanım da məni qeydiyyata alanda dedi ki, maaşım az olduğuna görə mənə 150 manat veriləcək. Ancaq sonra istintaqda mənə məlum oldu ki, adıma 500 manat ayrılıb və mənimsənilib".
Proses noyabrın 3-də davam etdiriləcək.
İttihama görə, təqsirləndirilən şəxslər işsiz insanların adına ayrılan müavinətləri mənimsəyiblər. Belə ki, onlar Məşğulluq Mərkəzinə müraciət edən vətəndaşlara verilməli olan müavinətin az hissəsini onlara verib, qalanını isə mənimsəyiblər. Onların 60 min manatdan çox pulu mənimsədikləri bildirilib.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 308.1. (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 179.3.2 (mənimsəmə; külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
835 dəfə oxundu