Aparat rəhbəri oğlu avaralanmasın deyə ona Qəbələdə...
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir-Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun apelyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə Anar Mustafayevin vəkili Gülşən Salmanova çıxış edib. O, müvəkkilinə bəraət istəyib. Beytulla Hüseynovun vəkili çıxışı zamanı müvəkkili barəsində olan cinayət işində kobud qayda pozuntularından danışıb. O, həmçinin Beytulla Hüseynovun ailə üzvlərinin, həmçinin qohumlarının əmlakların üzərinə qoyulmuş həbslərdən danışıb. Sonda vəkil Beytulla Hüseynova bəraət tələb edib.
Daha sonra hakim təqsirləndirilən şəxslərə dəymiş ümumi zərərdən ödəniş edib-etməyəcəklərini soruşub.
Bu zaman Vidadi Zeynalov hakimin təklifinə bu cür münasibət bidlirib:
“Əgər günahımız varsa, bütün əmlakların qurbandır. Götürsünlər. Bizə demirlər ki, nə qədər pul qalıb. İşimizlə əlaqədar 550 təşkilat yoxlanılıb. Hamısından da pul alınıb. Bəs hanı o pullar? Ödənilibsə, dəqiq rəqəm desinlər. Onda biz bilək ki, nə qədər borcumuz qalıb. Ağır Cinayətlər Məhkəməsində dedilər ki, sənin zərərin 7 milyondur. Qohum-əqraba ödədi. Əmlaklarımı satıblar. Borclarım var, faizdəyəm. İndi dəqiq rəqəm desinlər, məni əmlaklarımı verim. Oğlum avaralanmasın deyə, Qəbələdə göl götürmüşəm, yanında da balıqçısı var. Amma bizim günahımızı sübut eləsinlər”.
Daha sonra Namazalı Məmmədov çıxış edərək bildirib ki, dövlətə 4 qat pul ödəyib:
“Mənə 4 milyon ittiham verilib. Dövlətin mənə 16 milyon borcu vardı. Əvəzlədilər. Könüllü şəkildə bağışladım”.
Növbəti proses noyabrın 7-də davam edəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalovla Beytulla Hüseynov 13 il, Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib.
Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhrab Hümbətov, Cəfər Cəfərov və Bayram Vəliyevin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmə təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Həmin əmlakların gəliri nazirliyə dəymiş ziyanın ödənməsinə yönəldiləcək. Məhəmməd Məmmədovun üzərində əmlak müəyyən olunmadığı üçün müsadirə edilməyib. RYTN-nin mülki iddiası isə qismən təmin edilib.
Məhkum olunan şəxslər apelyasiya şikayətlərində günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
Daha sonra posesin davamında Vidadi Zeynalovun vəkillərindən Ceyhun Yusifov gələn prosesdə çıxış edəcəyini bildirib.
1 127 dəfə oxundu