“Evdə 1,5 milyon manat pul var idi” - Öldürülən iş adamının oğlu
Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən dəstə üzvləri - Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə öldürülən iş adamının oğlu Vüqar Məmmədov ifadə verib.
O bildirib ki, hadisə baş verən zaman Bakıda olub: "2008-ci ildən Bakıda qalıram. Xaçmaza bayramdan-bayrama gedirdim"
V.Məmmədov qeyd edib ki, təqsirləndirilən şəxslər atasını birlikdə qətlə yetirib: "Hadisə zamanı evdə 1 milyon 500 min manata yaxın pul olub".
Şahid bildirib ki, atası ilə hadisədən bir il əvvəl görüşüb: "Hadisənin necə baş verdiyini görməmişəm, lakin bu haqda sonradan məlumatım olub. Evdə nə qədər pul olduğunu dövriyyədə olan mallarla bilirdim. Atam rayonda sahibkar idi. Atamla birgə fabrik açmaq fikrimiz var idi".
V.Məmmədov vurğulayıb ki, anası da Binə Ticarət Mərkəzində ticarətlə məşğul olur.
Məhkəmədə məlum olub ki, V.Məmmədov 1.5 milyon manatlıq mülki iddia qaldırıb.
Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib.
Qeyd edək ki, ittiham aktına görə, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyib öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti də yanıb.
Dəstə üzvlərinin digər cinayət əməli barədə ittihamda yazılır ki, onlar əvvəlcədən hazırladıqları plan üzrə topdan satış mərkəzi olan İlqar Məmmədovun evinə daxil olublar. İlqar Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızılları götürüblər.
İlqar Məmmədov rayonda tanınmış iş adamı olub.
///Lent.az
1 095 dəfə oxundu