Azərbaycan 22 qanunsuz miqrant saxlanılıb

Azərbaycan 22 qanunsuz miqrant saxlanılıb

Son həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 10 nəfər Türkiyə Respublikası, 7 nəfər Pakistan İslam Respublikası, 4 nəfər Hindistan Respublikası və 1 nəfər Türkmənistan vətəndaşı olmaqla, ümumilikdə 22 əcnəbi saxlanılıb.

DMX-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı ölkədə qanunsuz yaşadıqları üçün saxlanılmış 9 nəfər Türkiyə vətəndaşının küllü miqdarda pul qarşılığında Avropaya göndərilmək məqsədi ilə Türkiyədə yaşayan Kenan Durmus tərəfindən Azərbaycana gətirildiyi məlum olub.

Belə ki, Kenan Durmus Azərbaycanda yaşayan iş adamı Süleyman Kayikciogluna inşaat sahəsində birgə işləməyi vəd edib. O, Süleyman Kayikciogluna məxsus “İNSMARK” şirkəti tərəfindən qeyd olunan 9 nəfər əcnəbiyə iş və müvəqqəti yaşama icazəsi alınmasını təşkil edib, bundan sonra müxtəlif yollarla həmin şəxslər üçün Avropa ölkələrinə viza almağa cəhd göstərib.

Lakin DMX tərəfindən əcnəbilərin faktiki olaraq “İNSMARK” şirkətində işləmədikləri aşkarlanıb, onların yalan məlumat verməklə iş və müvəqqəti yaşama icazələri aldıqları müəyyən edilib. Bununla da, əcnəbilərə verilmiş vəsiqələr ləğv olunub.

Azərbaycanda müvafiq yaşama icazələri ləğv edilmiş əcnəbilər Kənan Durmuşun təkidi ilə Avropaya göndəriləcəklərinə inanaraq, müxtəlif ünvanlarda gizlənməklə Azərbaycanı tərk etməkdən boyun qaçırıblar. Lakin keçirilmiş tədbirlər nəticəsində həmin əcnəbilər saxlanılıb.

Saxlanılan digər əcnəbilərdən, ölkəyə gəlmiş 1 nəfər Türkiyə vətəndaşı, 4 nəfər Hindistan vətəndaşı və 7 nəfər Pakistan vətəndaşı, 1 nəfər Türkmənistan vətəndaşının ölkə ərazisində olma və yaşama qaydalarını pozduqları müəyyən edilib.

Qeyd olunan əcnəbilərin qanunsuz əməlləri tam sübuta yetirilib və faktlar öz təsdiqini tapıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...