"Surxay Əliyev vasitəsi ilə Habil Vəliyevə ümumilikdə 22 min manat pul vermişəm" - MƏHKƏMƏDƏN
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Xəyalə Məlikova dindirilib.
O bildirib ki, H.Vəliyevin qohumuna 2000 manat pul verib: "Həmin pulu da mənə geri qaytarıblar. Heç bir şikayətim və tələbim yoxdur".
Daha sonra digər zərərçəkmiş Hatəm Rəhimov ifadə verib. O söyləyib ki, hotelə görə onu şantaj ediblər: "Surxay Əliyev vasitəsi ilə Habil Vəliyevə ümumilikdə 22 min manat pul vermişəm. Pulumu geri qaytarıblar, şikayətim yoxdur".
H.Vəliyev həmin şəxsi tanımadığımı, ondan pul almadığını deyib.
Prosesdə zərəçəkmiş Ramin Quliyev də ifadə verib. O, firma işlətdiyini bildirib: "Habil Vəliyev qəzetində mənim haqqımda yazılar yazdı, onu məhkəməyə verdim. Vəkilim də Adəm Məmmədov idi. Məhkəmədə şou göstərdi, mən şoka düşdüm. Bundan sonra çəkildim kənara. Daha sonra Habil Vəliyevin həbs edildiyini eşitdim".
R.Quliyev deyib ki, H.Vəliyev qəzetində yazılara görə, ondan 4 min manat pul istəyib: "Lakin mən ona pul vermədim. Şikayətim yoxdur, Allah qapısını açsın".
H.Vəliyev qeyd edib ki, R.Quliyevdən pul almayıb: "Məni məhkəməyə verdi. Bir az gecikmişdim, orada heç bir şou da olmadı. Vəkili Adəm Məmmədov məhkəmədə mənə qələm və kitab atdı. Daha sonra mən zərərçəkmiş qismində tanınmışam, hazırda da istintaq davam etdirilir".
Daha sonra R.Quliyev ifadəsində söyləyib ki, H.Vəliyev pulu şəxsən ondan istəməyib: "Pulu mənim vəkilim Adəm Məmmədovdan istəyib".
Şahid qismində H.Vəliyevin bacısı oğlu Pərvin Məmmədov dindirilib. O, istintaqa verdiyi ifadəsini xatırlamadığını deyib. P.Məmmədov "Cahargah" hoteli epizodu üzrə şahid qismində dindirildiyini söyləyib.
Məhkəmədə onun istintaqa verdiyi ifadəsi elan olunub. O, dindirilən zaman H.Vəliyevin saytda yazılan yazıların silinməsi üçün hotel sahibindən 5 min manat pul istədiyini deyib.
P.Məmmədov isə yenə də istintaqda verdiyi ifadəsini xatırlamadığını söyləyib.
Məhkəmənin növbəti iclası fevralın 8-nə təyin edilib.
Xatırladaq ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub. DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.
Cinayət işi üzrə təqsirləndirilən "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi H.Vəliyevlə bağlı cinayət işindən ayrılıb. Həmin şəxslərin də cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
1 434 dəfə oxundu