Bağça müdirəsinə hökm oxundu - övladının 14 yaşı olanadək azadlıqda qalacaq
Bakıda vətəndaşlara qarşı dələduzluqda təqdirləndirilən bağça müdirəsinin məhkəməsi davam etdirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlahə Ziyadovanın cinayət işi üzrə məhkəmə iclasında hökm oxunub.
Hakim Mahmud Ağalarovun elan etdiyi hökmə əsasən İ.Ziyadova Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 162-1.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddələri ilə təqdirli bilinib 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun himayəsində 4 yaşında azyaşlı övladı olduğundan hökmün icrası uşağın 14 yaşı tamam olanadək təxirə salınıb.
Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri qüvvədə saxlanılıb.
Bildirək ki, vətəndaşlar sosial şəbəkələrdə bağçada işə düzəlməklə bağlı elanlara rast gəliblər. Bu elanlar onları “Xətai” metrostansiyasının yaxınlığında yenicə istifadəyə verilmiş özəl baxçalardan birinə aparıb. Pul qazanmaq üçün getdikləri baxçada işə düzəlmək üçün verdikləri pulları itiriblər.
Bildirək ki, İ.Ziyadova özəl bağçalardan birinin müdirəsi olub. Bir neçə ay birlikdə çalışdığı işçiləri ilə indi məhkəmədə üz-üzə qalıb. Buna səbəb isə İlahə Ziyadovanın işə düzəlmək üçün onlardan pul alması, amma vədinə əməl etməməsidir.
Belə ki, ittihama görə, İ.Ziyadova bir neçə nəfəri bağçaya müəllimə kimi işə düzəltməyə söz verib. Bunun qarşılığında onlardan müəyyən məbləğlərdə pul da alıb. Amma bir neçə ay sonra işə götürülən şəxslər vəd edilən əmək haqlarını ala bilməyiblər. İşə düzəlmək üçün verdikləri pulu tələb edərkən isə müdirə ilə fikir ayrılığı yaşayıblar. İ.Ziyadova aldığı pulları qaytarmadığından işçiləri ondan hüquq-mühafizə orqanlarına şikayət ediblər.
Şikayətlər əsasında İ.Ziyadova barəsində cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, İ.Ziyadova barəsində həbs-qətimkan tədbiri seçilməyib. O, ev dustaqlığındadır.
794 dəfə oxundu