Aşıq Namiq ona qarşı dələduzluq edən şəxsləri bağışlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Sonra zərərçəkmiş Namiq Fərhadoğlu təqsirləndirilənlərə qarşı qaldırdığı 54 min 500 manatlıq mülki iddiadan imtina etdiyini, şikayətini geri götürdüyünü deyib: "Ortaq dostlarımız çıxıb məndən xahiş etdilər ki, onları bağışlayım. Onsuz da bu adamlar həbsə gedəcək. O işi məhkəməyə mən gətirmişdim, mən də bağışladım. Özləri və yaxınları məndən üzr istədilər və istəmədim ki, bayram ərəfəsində bir ananın gözü yaşlı qalsın".
N. Fərhadoğlu növbəti məhkəmə prosesində iştirak etməyəcəyini də deyib: "Mən yaradıcı insanam və tədbirlərdə oluram, vaxtım olmadığına görə məhkəmə proseslərinə gələ bilməyəcəyəm".
Proses martın 7-də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər kompüter alqı-satqısı adı ilə aşıq Namiq Fərhadoğlu da daxil olmaqla bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq ediblər.
788 dəfə oxundu