Sərxoş şəxs dindən danışdı, qan töküldü – Sumqayıtda
Sumqayıt şəhərində xuliqanlıq etməkdə təqsirli bilinən 1973-cü il təvəllüdlü Nəsib Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Nəsib Qəmbərov 14 iyul 2017-cı il tarixdə, saat 23:50 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Heydər Əliyev parkında Elman Sədiyevlə söhbət edib.
Sərxoş vəziyyətdə olan Nəsib Qəmbərov dini mövzuda müzakirə aparıb. Bu zaman Elman Sədiyev sərxoş vəziyyətdə dini mövzuda danışmasına görə ona öz iradını bildirib. Nəsib Qəmbərov isə Elman Sədiyevin ünvanına nalayiq ifadələr işlədib. Daha sonra o, özündə olan bıçaqla Elman Sədiyevin üstünə hücum edib, ona bıçaqla xəsarət yetirərək, sağlamlığa xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Nəsib Qəmbərovun barəsində Cinayət Məcəlləsinin 221.3-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Nəsib Qəmbərov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəza təyin edilməsini xahiş edib.
Nəsib Qəmbərovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib.
Qərara ğörə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.
888 dəfə oxundu