“5 ayda 1 tondan çox narkotik dövriyyədən çıxarılıb” - Əli Həsənov
Bu ilin 5 ayında Azərbaycanda 1 ton 400 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Gundeminfo.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib.
Ə.Həsənov qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq üçün Azərbaycanda milli hüququ baza yaradılıb: "Milli Məclis bununla bağlı 29 qanun qəbul edib, Azərbaycan prezidentləri - ümummilli lider Heydər Əliyev və dövlət başçısı İlham Əliyev tərəfindən 29 fərman və sərəncam imzalayıb, Nazirlər Kabineti 27 qərar qəbul edib. Bundan başqa, Azərbaycan BMT-nin 1961-ci il tarixli "Narkotik vasitələr haqqında" Vahid Konvensiyasına, 1971-ci il tarixli "Psixotrop maddələr haqqında" Konvensiyasına və 1988-ci il tarixli "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Konvensiyasına qoşulub".
Baş nazirin müavini bildirib ki, 2018-ci ilin 5 ayı ərzində ölkədə 1 ton 400 kq-a yaxın müxtəlif narkotik xassəli maddə götürülüb:
"Ölkədə, regionda çox böyük tutumlu beynəlxalq tikinti layihələri aparıldığı üçün, istər neft-qaz, istərsə də digər sahələrdə yükdaşımalar böyük həcmdə artdığı üçün təbii ki, beynəlxalq narkomafiyanın da ölkəmizə müxtəlif yollarla, nəqliyyat vasitələri ilə narkotik maddə daşıması cəhdləri artır. Buna görə də biz arxayınlaşmamalıyıq. Müvafiq qurumlar hamısı bu istiqamətdə tədbir görməlidir".
O deyib ki, regionda olan narkotiklərin 90 faizi əfqan mənşəlidir. Azərbaycanın cənub bölgəsinə - Astara, Lənkəran, Cəlilabad, Biləsuvar, Masallı rayonlarına İran istiqamətindən əfqan mənşəli narkotik vasitələr daxil olur. Ölkəyə daxil olan narkotiklərin 80 faizi bu istiqamətdən gətirilir.
Ə.Həsənov Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayını da açıqlayıb:
"Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 30 mindən çoxdur. 30 mindən 12 mini Bakı şəhərini, 12 mini isə Lənkəran şəhərini əhatə edir. 2017-ci ildə 2000 nəfərdən çox şəxs narkotik istifadəçisi kimi qeydiyyata götürülüb".
827 dəfə oxundu