Misirdə məşhur terrorçu edam edilib
Misirdə bir sıra hücumda və qətldə ittiham olunaraq edam cəzasına məkum edilmiş tanınmış terrorçu Hişam əl-Əşməvi barəsində hökm icra edilib.
“Report” AFP-yə istinadən xəbər verir ki, bazar ertəsi günü Qahirə məhkəməsi Əşməvini polisləri qətlə yetirmək, bir neçə təhlükəsizlik obyektini partlatmaq da daxil olmaqla 36 cinayət əməlində təqsirli bilərək edama məhkum edib.
“Dara çəkməklə edam cəzası hərbi məhkəmənin qərarı əsasında və qüvvədə olan bütün hüquqi prosedurlara əməl etməklə yerinə yetirilib”, - silahlı qüvvələrin sözçüsü Tamər əl-Rifəi bildirib.
Noyabr ayında Əşməvi hərbi məhkəmə tərəfindən də 2014-cü ildə sərhəd məntəqəsinə hücum təşkil edərək 22 əsgərin öldürülməsi, 2013-cü ildə isə daxili işlər naziri Məhəmmd İbrahimə qarşı sui-qəsd də daxil olmaqla 14 cinayət əməlinə görə məhkum edilmişdi.
Qeyd edək ki, 41 yaşlı H.Əşməvi gənc yaşında hərbi xidmətə gedib və sonradan ordunun elit bölmələrində xidmət edib. Bir müddət xüsusi qüvvələr zabiti olaraq “Əl Qaidə”yə qarşı əməliyyatlarda da iştirak edib. Lakin dini əqidəsilə əlaqədar 2012-ci ildə ordu sıralarından uzaqlaşdırılıb və sonra “Ənsər Beyt əl Məqdis” adlı terrorçu dəstə yaradaraq rəhbəri olub.
Əşməvi Liviyaya keçərək “Əl Qaidə”yə yaxın olan “Əl Morabitun” adlı terrorçu dəstə yaratmaqda da təqsirli bilinir.
2018-ci ilin oktyabr ayında Xəlifə Həftərin rəhbərlik etdiyi Liviya Milli Ordusunun ölkənin şərqindəki Dərna şəhərində ələ keçirdiyi Əşməvi may ayında Misir hökumətinə təhvil verilib.
Qeyd edək ki, Əşməvi ilə birlikdə rəhbərlik etdiyi dəstənin 200-dək üzvü də müttəhim kürsüsündə əyləşmişdi.
578 dəfə oxundu