Azərbaycan vətəndaşları bu cinayət məsuliyyətindən azad edilir
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat vermədiyinə görə cinayət məsuliyyətindən azad edilir.
Unikal.org-un məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna təklif edilən dəyişiklikdə deyilir.
Dəyişikliyə əsasən, 10-cu maddəsinin ikinci hissəsinin ikinci cümləsi çıxarılması təklif edilir.
Qanunun 10-cu maddəsinin ikinci hissəsində qeyd olunur: “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.
İkinci cümlə çıxarıldıqdan sonra xarici dövlətin vətəndaşlığını qəbul etmiş vətəndaşların bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat vermək öhdəliyi qalsa da cinayət məsuliyyətindən azad edilirlər.
Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq II oxunuşda qəbul edilib.
601 dəfə oxundu