Polis kapitanından ağlasığmaz dələduzluq
Bakı Dövlət Universitetinin mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri, professor Alış Qasımovun oğlu Azər Qasımov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
Yeni Sabah məlumatına görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə müvəkkili işləmiş Azər Qasımovun məhkəmə prosesinə hakim Faiq Qasımov sədrlik edəcək. O, dələduzluq və rüşvət verməyə təhrik etmək maddələri məhkum olunub.
Qeyd edək ki, Azər Qasımov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmişlərlə barışığın əldə edilməsi, himayəsində azyaşlı övladlarının olması məhkəmədə yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdə göstərilib ki, Azər Qasımov Fatimə İsmayılovanın həbsdə olan oğlu Vüqarın işini həll etməyi, onu azadlığa çıxarmağı vəd edib. Bu məqsədlə ondan ayrı-ayrı vaxtlarda, müxtəlif məbləğlərdə pul alıb.
Məhkəmə prosesində məlum olub ki, Fatimə İsmayılovanın oğlu azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham edilib. Ana oğlunun şərləndiyini və onun günahsız olduğunu deyib. Bildirib ki, oğlunu azadlığa çıxarmaq üçün Azərin dedikləri ilə razılaşıb. Hətta Azər Fatimə İsmayılovanı inandırıb ki, oğlunu şərləyənləri ifşa edəcək. Belə ki, Azər müştərisi Fatimə İsmayılovaya oğlu Vüqarın işindəki zərərçəkmiş qızın yalan danışdığını ekspertizada xüsusi cihaz vasitəsi ilə sübut etməyi də vəd verib. İsmayılova deyir ki, Vüqara 12 il həbs cəzası veriləndən sonra aldadıldıqlarını başa düşüblər. Bundan sonra Azər Qasımovdan hüquq-mühafizə orqanlarına şikayət ediblər. Məhkəmədə ifadə verən Fatimə İsmayılova deyib ki, Azər Qasımova oğlunun həbsdən buraxılmasından ötrü bir neçə dəfəyə ümumilikdə 25 min manat pul verib: "Azər müəllim qaynımın qonşusudur. Deyirdi ki, lazım olan yerlərdə tanışları var, bizə kömək edəcək. Bir oğlum var, onu şərləmişdilər, nə desəydi, razılaşırdım. Azər birinci dəfə Vüqar təzə həbs olunan vaxtda polis idarəsinə onu çəkmək üçün telekanalların gəldiyi dedi. Bunun qarşısını almaqdan ötrü müstəntiqə 1000 manat verilməli olduğu bildirdi. Mən onda 600 manat verdim. Sonra Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasından rəy almaq üçün 2300, ekspertizanın onun xeyrinə rəy verməsindən ötrü 5000 manat pul aldı. Bir müddət sonra təkrar ekspertiza adıyla 4500 manat da verdim. Sonra dedi ki, artıq istintaqı Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi aparır. Bu idarənin müstəntiqinə 10 min manat vermək lazımdır. Mən çətinliklə 9600 manat düzəltdim. Dedi ki, 9500-nü verdim, üstündən 100 manat özüm borc götürdüm. 500 manat idarəyə borclu qaldıq. Sonradan bildik ki, iş heç vaxt o idarəyə getməyib. Az sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə gəldi. Onda da dedi ki, məhkəmənin təkrar ekspertiza təyin etməsi üçün 5000 manat lazımdı. O qədər düzəldə bilmədik, 3800 manat verdik".
Suallara cavab verən F.İsmayılova deyib ki, bu məbləğləri banklardan götürülən kreditlərlə, qohumlarının qızıllarını girov qoymaqla lombarddan götürülən pullar hesabına düzəlib. Fatimə İsmayılovanın dediyindən məlum olub ki, Azər Qasımov onları aldatmaq, yalanlara inandırmaq üçün müxtəlif üsullardan istifadə edib. Belə ki, Azər müxtəlif dövlət orqanlarının, ekspertiza idarələrinin binalarına gedərkən özü ilə İsmayılovları da aparıb. Orada onları gözlədərək həmin idarələrə daxil olub və inandırmağa çalışıb ki, vəzifəli şəxslərlə əlaqələri var.
Qeyd edək ki, A.Qasımov Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 32.312-ci (rüşvət verməyə təhrik) maddələri ilə ittiham edilir. Azər həbs edilən zaman polis kapitanı olsa da, onun əməlləri barədə DİN rəhbərliyinə məlumat verilib və o, Daxili İşlər Orqanlarından azad edilib.
653 dəfə oxundu