“Leş Tofiq”in məhkəməsi başlayır
Əhaliyə mənşəyi məlum olmayan, qidaya yararsız, ölmüş heyvan ətləri satan “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov və dəstə üzvlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Hakim Samir Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası iyunun 22-də keçiriləcək.
Qeyd edək ki, mütəşəkkil dəstəyə rəhbərlik edən, əvvəllər məhkum olunmuş “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov və digərləri ötən ilin sentyabr ayında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatda saxlanılıblar.
Məlum olub ki, Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində ət tədarükü məntəqəsi yaradaraq qanuni fəaliyyət göstərən heyvan kəsimi sexi görüntüsü altında pərdələnərək cinayətkar şəbəkə yaradıb.
O, qurduğu cinayətkar şəbəkə vasitəsilə rayonlardan mənşəyi məlum olmayan, qidaya yararsız, ölmüş heyvan ətlərinin əsasən gecə saatlarında daşınmasını, emal edilməsini, satışa çıxarılmasını təşkil edib.
Dəstə üzvlərinə məxsus Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanc yerlərinə baxış keçirilərkən 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq maddəsi ilə ittiham verilib.
541 dəfə oxundu