Şagirdin başından hicabını açaraq yerə atdığı deyilən məktəb direktoru ilə bağlı RƏSMİ AÇIQLAMA
Son günlər sosial şəbəkədə məktəb direktorunun şagirdin başından hicabını açaraq onu təhqir etməsinə dair məlumatlar paylaşılır.
İddialara görə, hadisə Abşeron rayonu Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbdə baş verib. Məlumatlarda məktəbin direktoru Taliyə Mirzəyevanın tədris ocağına hicabla gələn şagirdləri dərsə buraxmadığı iddia olunur:
“Məktəb direktoru şagirdin hicabını zorla başından açaraq yerə atıb. Buna etiraz edən valideynlər isə direktor tərəfindən təhqir olunublar. Belə ki, T.Mirzəyeva valideynlərin ünvanına “Bura siz hicablılar üçün deyil, hamınızı İrana sürgün etmək lazımdır” kimi ifadə işlədib”.
Məsələ ilə bağlı məktəblə əlaqə saxlamağa çalışsaq da telefonlarımıza cavab verən olmadı.
Məktəb direktoru isə məsələ ilə bağlı xəbər portallarından birinə açıqlamasında ilk olaraq tədris ocağında hicablı şagirdlərin olmadığını deyib. Daha sonra isə 7-ci sinifdə təhsil alan şagirdin başını bağladığını gördüyünü qeyd edib:
“Məktəbimizdə 1 300 şagird təhsil alır, onların da 800 nəfəri qızdır. Ümumiyyətlə, bizim məktəbdə başıbağlı qız şagirdlərimiz və müəllimlərimiz yoxdur. O gün gəlib görürəm ki, 7-ci sinifdəki qız başını bağlayıb. Görəndə ona başını küçədə bağlayıb, məktəbin daxilində hicabını açmasını, dərslərdən sonra yenə bayıra çıxanda bağlayaraq getməli olduğunu dedim”.
Məsələ ilə bağlı Abşeron Rayon Təhsil Şöbəsindən Oxu.Az-a bildirilib ki, Novxanı kənd 1 nömrəli tam orta məktəbdə baş vermiş hadisə ilə bağlı iddialar təhsil şöbəsinin əməkdaşları tərəfindən araşdırılıb:
“Məlum olub ki, iddialarda adı hallanan 7-ci sinif şagirdinin valideyni Q.İ. ilə direktor arasında heç bir insident yaşanmayıb. Valideynin məktəbdən və məktəb rəhbərliyindən heç bir şikayəti yoxdur. Sinif rəhbəri valideyn və şagirdlə görüşüb. Növbəti dərs günündən şagird məktəbdə tədrisinə davam edəcək”.
781 dəfə oxundu