“Lady Sharm” mağazalar şəbəkəsinin rəhbər şəxsləri yenidən hakim qarşısında - Təfərrüat
Külli miqdarda dələduzluğa cəhd və rüşvət verməyə təhriketmə cinayətlərində təqsirli bilinərək azadlıqdan məhrum edilən Kənan Quliyev apellyasiya şikayəti verib.
Gundeminfo.az Report-a istinadla xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
K.Quliyev atası Hikmət Quliyev və Mehdi Sadıxov adlı şəxslə bilrikdə ititham edilib. H.Quliyev 8 il, Mehdi Sadıxov 8 il, Kənan Quliyev isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar “Lady Sharm” mağazalar şəbəkəsinin həbs edilən vəzifəli şəxslərinin cinayət işi üzrə ittiham edilən Səməd İsmayılova qarşı cinayət törətməkdə təqsirli biliniblər. Belə ki, “Lady Sharm” mağazalar şəbəkəsinin həbs edilən vəzifəli şəxsləri - Ziyarət Abbasov, Elnur və Səməd İsmayılov qardaşlarıdır. Onlar ayrı-ayrı firmaların əmtəə nişanından istifadə edərək müxtəlif geyimləri brend mallar adı altında satmaqda ittiham edilirlər. Elnur İsmayılov "Lady Sharm" MMC-yə daxil olan mağazalar şəbəkəsinin direktoru olub.
Həmin cinayət işi üzrə istintaq davam edən ərəfədə Səməd İsmayılov azadlıqda olub. O qardaşı Elnuru həbsdən çıxmasına kömək edəcək vəzifəli adamlar axtarmağa cəhdlər göstərib. S.İsmayılov əvvəlcə tanışı Azər Piriyev vasitəsi ilə adam soraqlaşmağa başlayıb. A.Piriyev də işçisi, “Carçıoğlu Group” MMC-də mühasib işləyən Kənan Quliyevin atası Hikmət Quliyevə müraciət edib, vəzifəli tanışlarının olub-olmadığını soruşub.
H.Quliyev də dostu Mehdi Sadıxova müraciət edib. M.Sadıxov isə Prezident Administrasiyasında, Baş Prokurluqda vəzifəli tanışlarının olduğunu deyərək, bu işi həll edə biləcəyini vəd edib və bu işdən pul qazanmaq istəyib. Bu işdən Hikmət Quliyev də gəlir əldə etməyi planlaşdırıb.
300 min manata danışılan işə görə əvvəlcə 50 min manat pul verən S.İsmayılov işlərin düzəlmədiyini görəndə hüquq-mühafizə orqanlarına müraciət edib. Onun şikayətini araşdıran istintaq orqanı belə qənaətə gəlib ki, Hikmət Quliyev Mehdi Sadıxovla əvvəlcədən plan quraraq Səməd İsmayılovun pulunu ələ keçirmək istəyiblər. Məqsəd isə ələ keçirdikləri pulu şəxsi ehtiyaclarına xərcləmək olub.
Bu iş üzrə Hikmət Quliyev Mehdi Sadıxovla yanaşı Kənan Quliyev də həbs edilib. K.Quliyev Hikmət Quliyevin oğlu kimi bu cinayətin iştirakçısı hesab edilib.
Dəymiş zərər 50 min manat istintaq zamanı Səməd İsmayılova ödənilib. Həmin ərəfədə S.İsmayılovun özü “Lady Sharm” mağazalar şəbəkəsinin cinayət əməllərinə görə həbsə salınıb.
S.İsamyılova qarşı dələduzluq işinə görə Hikmət Quliyev və Mehdi Sadıxov törətdikləri əmələ görə özlərini təqsirli bilsələr də, Kənan Quliyev özünü təqsirli bilməyib.
K.Quliyev apelyasiya şikayətində heç bir sübut olmadan yalnız şahidlərin - əsasən də Səməd İsamyılovun qərəzli və ziddiyyətli ifadələri əsasında həbs edildiyini bildirib.
“Kənan Quliyevin göstərilən cinayət əməlini harada, nə vaxt və kimlərin iştirakı ilə törətdiyi konkret faktlarla sübut edilmir. Həbs edilən Hikmət Quliyevdən qisas almaq üçün bunu edib və Kənandan da şikayətçi olublar”- deyə apellyasiya şikayətində qeyd edilir.
Qeyd edək ki, “Lady Sharm” mağazalar şəbəkəsinin vəzifəli şəxsləri barədə cinayət işinin istintaqı hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
787 dəfə oxundu