Sabunçuda narkotik becərən qadın saxlanıldı
Sabunçu rayonunda narkotik tərkibli bitlkilərin kultivasiyası ilə məşğul olan qadın saxlanılıb.
Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində növbəti əməliyyat həyata keçirilib.
Belə ki, 14-cü Polis Bölməsinə Maştağa qəsəbəsində yaşayan vətəndaş Şəms Sultanovanın evinin həyətində satmaq məqsədi ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Polislər tərəfindən həmin ünvana baxış zamanı aqrotexniki qaydada kultivasiya edilmiş 475 ədəd təmiz çəkisi 3 kiloqram 415 qram olan çətənə kolu aşkar edilib. Şəms Sultanova ifadəsində narkotik tərkibli bitkiləri bu ilin əvvəlində əkdiyini bildirib.
Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və o, tutularaq istintaqa cəlb olunub. Zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
480 dəfə oxundu