Jurnalistlərin düşdüyü minanı düşmən ərazilərimizi tərk edərkən basdırıb - RƏSMİ

Jurnalistlərin düşdüyü minanı düşmən ərazilərimizi tərk edərkən basdırıb -

Xəbər verildiyi kimi, iyunun 4-də media və dövlət qurumlarının əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək 3 nəfərin ölməsi və 4 nəfərin xəsarət alması ilə faktı ilə əlaqədar Hərbi Prokurorluqda cinayət işi başlanıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumatda bildirilri ki, bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində hadisənin baş verməsi ilə əlaqədar əsassız və dəqiqləşdirilməmiş məlumatlar yayılır. Odur ki, Baş Prokurorluq hadisənin baş vermə səbəbləri və mexanizmi barədə aşağıdakıları qeyd edir: Aparılmış ilkin istintaqla müəyyən edilib ki, hadisənin baş verdiyi əraziyə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti tam təmin olunduğundan, işğaldan azad olunduqdan sonra ora düşmən təxribat qruplarının sızması və orada mina basdırması istisna edilir.

Hadisə yerinə mütəxəssislərin iştirakı ilə keçirilmiş baxış zamanı 240 x 230 sm ölçülərində 97 sm dərinliyində çuxur və 1 ədəd tam yararsız hala düşmüş “Kamaz” markalı sərnişin avtomobili aşkar olunub.

Hadisənin baş vermə səbəblərinə gəldikdə isə, partlayış sahəsinin ölçülərinə və partlayış yerinin görünüşünə görə 60-97 sm dərinliyində basdırılmış tank əleyhinə 1 ədəd mina olub. Partlayış yerində minanın heç bir qalığının aşkar olunmaması ilə müəyyən edilir ki, partlayış zamanı istifadə olunan mina plastmas, parça və ya korpussuz tipli tank əleyhinə minaya aid olub, fuqas (zirehdələn) tipli, tank və zirehli texnikaların tırtılına qarşı istifadə olunmaqla yollarda və texnikaların hərəkət edə biləcəyi yerlərdə qurulması üçün nəzərdə tutulub.

Partlamış minanın tank əleyhinə TM-62P2, TM-62P3, TM-62T və ya TM-62B tipli (eyni qrupa daxil olan) mina olması və üzərindən avtobusun keçməsi nəticəsində minanın işə düşməsi (partlaması) ehtimal olunur.

Həmçinin müəyyən edilib ki, erməni qanunsuz silahlı birləşmələri işğal zamanı qeyd edilən yoldan döyüş mövqelərinin təminat yolu kimi istifadə etmişlər, Kəlbəcər rayonunu tərk edən zaman isə geri çəkildikləri həmin əraziləri minalayıblar.

Cinayət işi üzrə istintaq davam edir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
764 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...