“TikTok”da narkotiki təbliğ edən musiqili meyxana videoları yayan daha 6 nəfər saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki hesablarına vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında “TikTok” platformasında narkotik vasitələri təbliğ edən musiqili meyxana janrında videolar yayan şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, nəticədə Baş İdarə və ərazi polis orqanları tərəfindən həmin videoları yayan şəxslərin anket məlumatları qısa zamanda müəyyən olunub. Baş İdarənin əməkdaşları tərəfindən “TikTok” sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən musiqilər yayan 6 nəfər – Nuri Şahin, Cuma Məmmədov, Mirdamət Qasımlı, Emil Xanəliyev,Tərlan Zeynalov və Türkanə Abdullazadə qısa zamanda saxlanılıblar. Türkanə Abdullazadədən əlavə olaraq 10 qrama yaxın marixuana da aşkar olunaraq götürülüb. Bu şəxslərlə profilaktik söhbətlər aparılıb, paylaşdıqları videoların zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə onlara məlumatlar verilib. Adları çəkilən şəxslərin “TikTok” sosial şəbəkəsində paylaşdıqları bu tipli videoların silinməsi təmin edilib.
Bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün barələrində toplanmış materiallar məhkəməyə göndərilib.
710 dəfə oxundu