"Məqsədim soyuq münasibət bəsləyən qohumlarımı qorxu içində yaşatmaq idi"

"Məqsədim soyuq münasibət bəsləyən qohumlarımı qorxu içində yaşatmaq idi"
Ağsu rayon Keçdiməz kəndinin sakini Kamran Əzimzadə onlara məxsus evlərin, ot tayalarının və sahələrin maskalı şəxs tərəfindən yandırıldığını, eləcə də onlara fiziki təzyiqin göstərildiyini bildirmişdi.

Gundeminfo.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, bununla əlaqədar rayon polis şöbəsinin əməkdaşları tərəfindən ərazidə gücləndirilmiş xidmət təşkil olunmuş və həmin əməlləri törədən şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri keçirilib.

Keçirilmiş tədbirlər nəticəsində yanğını törədən şəxsin özünü polisə zərərçəkmiş şəxs qismində təqdim edən Ümidvar Əzimzadə olduğu müəyyən edilib.

Saxlanılan Ü.Əzimzadə izahatında ailəsinin və yaxın qohumlarının ona qarşı soyuq münasibət bəslədiyinə görə onlara məxsus ünvanlarda yanğınlar törətdiyini, məqsədinin həmin şəxsləri qorxu içərisində yaşatmaq olduğunu bildirib.

Ü.Əzimzadənin əmisi oğlu Kamran Əzimzadə guya naməlum şəxs tərəfindən döyülməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılan araşdırma zamanı isə onun hər hansı bir fiziki təzyiqə məruz qalmadığı, özü qəsdən bıçaqla geyimini yararsız hala saldığı məlum olub. Buna səbəb kimi isə baş verən hadisələrdən qorxduğunu və sakinlər tərəfindən gecələr ərazidə təşkil edilən növbətçilikdən yayınmaq olduğunu əsas gətirib.

Hazırda faktla bağlı Ağsu Rayon Polis Şöbəsində saxlanılan şəxslər ətrafında araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
851 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...